İxtisara düşən gənclərin məşğulluğu üçün qanuna dəyişiklik edilir

“Milli Məclisdə müzakirəyə çıxarılacaq “Məşğulluq haqqında” qanun layihəsində gənclərin müəyyən kvotalar üzrə işə götürülməsi və sosial iş yerləri açıldıqda işəgötürənin gənclərə daha çox üstünlük verməsi üçün xüsusi maddələrin olması ilə bağlı dəyişikliklərin edilməsi nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki “Gənclər siyasəti haqqında” qanuna təklif edilən yeni dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq: “14 maddədən ibarət olan layihə üzrə 25 dəyişikliyin olması nəzərdə tutulur. Bu dəyişikliklər gənclərin hərtərəfli inkişafı üçün – istər onların məşğulluq məsələsinin təminatında, istərsə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlıdır”.

Komitə sədri əlavə edib ki, qanun layihəsində yeni istiqamətlərdən biri də peşə hazırlığı, sahibkarlığın dəstəklənməsi, ümumilikdə dövlətin gənclər siyasəti ilə bağlı bütün təşəbbüslərin dəstəklənməsidir: “Müvafiq icra hakimiyyəti orqanları peşə, orta ixtisas və ali təhsilli gənclərin elektron uçotunu aparmağı nəzərdə tutur. Dəyişikliklərdə diqqət çəkən əsas məqamlardan biri odur ki, sosial müdafiəyə ehtiyacı olan, risk qrupu altında olan gənclərin, cəzaçəkmə müəssisələrindən çıxan, özlərindən asılı olmayan səbəblərdən işdə ixtisara düşən, hərbi xidmətdən tərxis olan gənclərin işlə təmin olunma məsələləri və müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə hazırlığı və həyata keçirilən proqramlara cəlb olunması nəzərdə tutulub”.