İranda zəlzələ nəticəsində 200 nəfər ölüb

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 200 ölüb, 1600 nəfər xəsarət alıb.

Milletcilik.az-ın Tehran bürosunun məlumatına görə, hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

***

İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.

Milletcilik.az-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.

“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, deyə mənbə bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində İranda 129 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb.