İNQİLABİ İSLAHATLARA BAŞLANĞIC

Yanvarın 14-də prezident İlham Əliyev  tərəfindən dövlət idarəetmə aparatında struktur dəyişikliklərini nəzərdə tutan bir neçə fərman imzalayıb.

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.

Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olunub.  Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilərək onların fəaliyyətinin ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunmasına qərar verilib.

Prezidentin digər fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirir, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edir.

Nəhayət, prezidentin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv olunaraq onun bazasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.

DÖVLƏT APARATININ YIĞCAMLAŞMASI, PARALELLİYİN LƏĞVİ

Minval.info-ya açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edir ki,  aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir: “Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Cənab prezidentin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı cənab prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir”.

V.Qasımlının sözlərinə görə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir: “Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları, xüsusilə  “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstəməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi  və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcəkdir.

Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir”.

Mərkəz rəhbəri hesab edir ki, struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaq: “Bir pəncərə və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas süjet xəttidir. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı daimi olaraq sosial tarazlıq qorunub. Bu dəfə də  struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab prezidentdən xüsusi tapşırıqlar alıb”.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, idarəetmə strukturunun optimallaşdırılması, büdcə vəsaitlərindən istifadənin rasionallaşdırılması məqsədilə paralel orqanların ləğvi,  birləşdirilməsi və dövlət idarəçiliyinin daha yaxşı təşkil edilməsi məqsədəmüvafiqdir: “Ayrı-ayrı nazirliklərin, Prezident Administrasiyasının yanında fondların, agentliklərin və katibliklərin fəaliyyət göstərməsi doğru yanaşma deyil. Bu, idarəetmə aparatının şişməsinə gətirib çıxarır. Bilik Fondu dörd il idi ki yaradılmışdı, görünür, özünü doğrultmayıb. Elmin İnkişafı Fondunun əsas məqsədi fundamental elmi tədqiqatların maliyyələşdirilməsidir. Doğrusu, bu fondun fəaliyyətində indiyədək səmərəli nəticə görməmişəm”.

SAM-ın ləğvinə gəlincə, Q.İbadoğlu hesab edir ki, belə mərkəzlər müstəqil olmalıdır: “Orada tədqiqat və faəliyyət azadlığı olmalı, alternativ fikirlər istehsal olunmalıdır. Strateji Araşdırmaları Mərkəzi 2007-ci ildə yaradılmışdı. Bu mərkəzdə müəyyən bacarıqlı kadrlar toplansa da, ümumi fəaliyyətində ciddi uğurlar müşahidə olunmadı. İstənilən halda, hər hansı beyin mərkəzinin ləğvinin tərəfdarı deyiləm. Bu baxımdan, düşünürəm ki, mərkəzin müstəqilliyinin təmin olunması onun faydalı fəaliyyətini təmin edərdi”.

İqtisadçı-alimin fikrincə, digər istiqamətlər üzrə həyata keçirilən dəyişikliklər idarəetmədə çevikliyin təmin olunması baxımından müsbət addımlardır: “Hesab edirəm ki, bu addımlar davam etdirilməlidir. Eyni zamanda bu cür addımların xüsusi hazırlanmış islahatlar paketinin tərkib hissəsi kimi müəyyənləşdirilməsi çox vacibdir. Diqqətimi cəlb edən məsələlərdən biri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğvidir. Bu agentlik müasir çağırışlara uyğun olan bir sahədə fəaliyyət göstərirdi. Bu sahənin dövlət dəstəyi olmadan, sırf kommersiya əsasları ilə inkişaf etdirilməsi mümkün deyil. Bu baxımdan, hesab edirəm ki, hansısa formada bu sahəyə dövlətin dəstəyi təmin olunmalıdır”.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Nicat Nəsirli bildirir ki, Aqrar Xidmətlər Agentliyinin yaradılması bu sahədəki problemləri xeyli dərəcədə aradan qaldıra biləcək. Mütəxəssisin fikrincə, əvvəlki dövrlərdə hesab edirdilər ki, xidmətlərin operativ çatdırılması üçün hər xidmət üzrə ayrıca qurumların yaradılması vacibdir, indi isə siyasət onun üzərində qurulub ki, bütün xidmətlər vahid pəncərədən təqdim edilsin.

Trend.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanın dinamik və hərtərəfli inkişafı struktur islahatlarının həyata keçirilməsini zəruri edir:

“Bu gün ölkəmiz dinamik və hərtərəfli inkişaf edir və bu baxımdan idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda, səmərəliliyin və çevikliyin təmin edilməsi məqsədilə mütəmadi olaraq struktur islahatlarının aparılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə struktur islahatları əvvəlki illərdə də aparılıb və bu günə qədər həyata keçirilən dərin hüquqi və institusional islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı islahatlar da əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək və müasir dünyanın çağırışlarına cavab vermək məqsədi daşıyır”.

Deputat əlavə edib ki, məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər: “Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir”. G.Baxşəliyeva vurğulayıb ki, struktur islahatları nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi deməkdir.

Milli Məclisin millət vəkili, professor Musa Qasımov RealTV-yə verdiyi müsahibədə bildirib ki, Sözsüz ki, islahatlar kadrların ixtisarını nəzərdə tutur. Bunsuz islahat aparmaq mümkün deyil. İxtisara düşmüş peşəkarların işsiz qalacağını düşünmək səhv olardı. Peşəkara həmişə ehtiyac var. Xüsusilə, iqtisadi idarəetmənin təkmilləşdirilməsi üçün başlanmış inqilabi islahat dövründə ilk növbədə peşəkarlara ehtiyac vardır.

İSLAHATLAR DƏSTƏKLƏNMƏLİDİR

Prezident İlham Əliyev  tərəfindən imzalanmış  fərmanda nəzərdə tutulan islahatlar cəmiyytimiz tərəfindən dəstəklənməkdədir. Yuxarıda göstərilən fikirlərə tam şərik olaraq Azərbaycan millətçiləri kimi biz yalnız bu inqilabi islahatların uğurlu olmasını arzulayırıq. Bununla yanaşı yenə də xüsusi olaraq vurğulayırıq ki, dövlət strukturlarının rəhbərləri taleyüklü islahatlar prosesində apardıqları kadr siyasətinin əsas kriterisi kimi səriştəni, biliyi və peşəkarlığı tutacaqlar.

Qarxunlu

 “Millətçilik” qəzeti