İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib

Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyilə Çağdaş aşıqlarımızın poetik
yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu adlı layihə
çərçivəsində Aşıq Şəmşir Mədəniyyət Ocağı Ictimai Birliyi tərəfindən çap
olunmuş İndi hünər meydanıdır adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə qeyd olunub ki, kitab bir neçə gün bundan əvvəl nəfis
tərtibatla işıq üzü görüb.
Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və
vətənpərvərlik mövzusunda şeirlərindən seçmələrin yer aldığı vurğulanıb.
Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi
Musa Nəbioğlu layihənin aktuallığından və əhəmiyyətindən söz açıb,
gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bu kimi
layihələrin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb: "Aşıq Şəmşir
Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətin
inkişafında çox mühüm uğurlara imza atıb. Bu birlik hər zaman aşıq
sənətinə xüsusi diqqəti ilə seçilib. Bilirsiniz ki, aşıq sənəti daha qədim tarixi
keçmişə malikdir. Bu sənət həmişə qəhrəmanlığı tərənnüm edib və hər kəsi
qəhrəmanlığa, mübarizəyə səsləyib. İllərdir müharibə şəraitində yaşayan
Azərbaycan xalqı üçün qəhrəmanlıqdan bəhs edən sənət əsərləri
əhəmiyyət kəsb edir. Torpaqları işğal altında olan xalqımız böyük bir
qəhrəmanlığa susayıb. Ona görə də bu gün təqdimatını keçirməkdə
olduğumuz kitabın ərsəyə gəlməsi təqdirəlayiqdir. Bu kitabda bizim
yaşadığımız hisslər tərənnüm olunub. Hesab edirəm ki, gənclər arasında
da vətənpərvərlik hissini artırmaq lazımdır. Bu kitab həm də bu missiyaya
xidmət edir".
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib
Misirov bildirib ki, aşıq sənəti bu gün Azərbaycanda kifayət qədər inkişaf
edib: "Dövlətimiz tərəfindən də aşıq sənətinə hər zaman diqqət və qayğı
göstərilib. Bu gün ölkəmiz həm də beynəlxalq əhəmiyyətli mədəni
tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu da dövlət başçımızın
Azərbaycanda mədəni sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsidir.
Bizim bu kitabı çıxarmaqda məqsədimiz qəhrəmanlığa, vətənpərvərliyə
diqqətin artırılmasıdır. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatında qəhrəmanlıq
dastanları xüsusi yer tutur. Elə buna görə də bizim Ictimai Birlik mütəmadi
olaraq aşıq sənətinin təbliği ilə məşğuldur".
Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil isə aşıq
adının hər kəsə verilməsinin əleyhinə olduğunu qeyd edib. Onun sözlərinə
görə, bu ad müqəddəs olduğu üçün hər yoldan ötənə aşıq deyilməməlidir:
"Bu gün hər yetənə aşıq adı verilməsi düzgün deyil. Təsəvvür edin ki, Aşıq
Ədalətlə yanaşı, filankəsin də aşıq olması qəbahətdir. Mən Aşıqlar Birliyinə
müraciət edirəm ki, bu məsələ ilə ciddi şəkildə məşğul olsunlar".

Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist
Əkbər Qoşalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sözügedən
layihəsini təqdirəlayiq hesab edib.
Tədbirdə Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflı Azərbaycan
xalqının xeyli sayda şəhid verdiyini xatırladıb. Vurğulayıb ki, xalqımız öz
şəhidləri ilə fəxr etməlidir: "Xüsusən də, gənc nəslin nümayəndələri
şəhidlərimizlə fəxr etməlidirlər. Bu gün təqdimatına toplaşdığımız kitabda
da əsasən qəhrəmanləq tərənnüm olunub. Biz arzu edirik ki, gənclərimiz
qəhrəmanlıq dastanlarından ruhlanıb torpaqlarımızı yağı düşmən
işğalından geri alsınlar".
G.Azaflı "İndi hünər meydanıdır" adlı şeiri səsləndirib.
Daha sonra Ağamurad İsrafilov və digərləri çıxış edərək bu kitabın
xüsusilə də gənc nəslin vətənpərlik ruhunda tərbiyəsində mühüm rol
oynayacağını vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, aşıq sənətinin
mühüm tərkib hissəsi olan dastançılıq – dastan yaratmaq və söyləmək
ənənəsi bu gün də yaşayıb günümüzün reallıqlarına uyğun olaraq yeni-yeni
dastanlar yaranır.
Bildirilib ki, çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik
və qəhrəmanlıq mövzusu” adlı layihənin də əsas məqsədi həm də diqqəti
hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında yer almış vətənpərvərlik
və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə və dastanlara yönəltməkdir.
Həmçinin qeyd olunub ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin
son illərdə mədəniyyətimizin inkişafı, xüsusilə də aşıq sənətinin təbliği və
inkişafı naminə çox mühüm layihələrə imza atır.
Tədbirin sonunda ustad aşıqlar müxtəlif aşıq havaları üstündə
qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.
Qeyd edək ki, layihənin rəhbəri “Aşıq Şəmşir Mədəniyyət ocağı”
İctimai Birliyi sədrinin müavini Həbib Misirov, kitabı nəşrə hazırlayan və
redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçi "Aşıq
Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri Qənbər Qurbanov, rəyçi
Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Günümüzün ustad
aşıqları Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Mahmud
Məmmədov, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz
Quliyeva, Əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı,
Solmaz Kosayeva, Ağamurad İsrafilov, Fətulla Əliyev, Sərdar Məmmədovla
yanaşı gənc aşıqların da poetik yaradıcılığına müraciət olunan kitabda
çağdaş aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik, Qarabağ müharibəsi
mövzusunda yazdıqları şeirlərlə yanaşı bu mövzuda yaratdıqları dastan da
yer alıb.