İDEOLOJİ İNFORMASİYA MÜHARİBƏSİNDƏ BƏZİ PROBLEMLƏRİMİZ

Virtualaz.org saytının srağa gün verdiyi xəbərə görə, 60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən “İntelsat 33” peyki Dağlıq Qarabağdakı qondarma rejimin “Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb. Erməni işğalçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

ERMƏNİLƏRİN YENİ OYUNU

“İntelsat  33” peyk operatoru  2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qəragahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. “İntelsat 33” peyki Amerikanın “Boeing” korporasiya tərəfindən istehsal edilib. Peyk 2016-cı ildə fransız Qvianasındakı Kuru kosmodromundan buraxılıb. Hal-hazırda bu peykdən “ermənistan”, Afrika ölkələrinin və bir neçə Rusiya telekannalları yayımlanır.

Virtualaz.org qeyd edir ki, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.

Artıq Azərbaycanın rusdilli day.az saytı dünyada erməni separatçılarının televiziyasının yayımlanması əleyhinə internet məkanında elektron imzatoplama kampaniyasına başlamışdır. Anlaşılandır ki, imkanları məhdud olan bir sayt nəhəng erməni təbliğat maşınına qarşı yalnız bu cür formatda müqavimət tədbirləri görə bilər. Onsuz da day.az və d. saytlarımız rusdilli məkanda Azərbaycan həqiqətlərini tanıtmaq üçün çox iş görürlər.

Doğrudur, müasir texnologiyanın inkişafı imkan verir ki, hətta balaca bir mənzildə sutkada 24 saat işləyən telekanal yaradıb, onu peyk və internet yayımına qoşasan. Bunun üçün maliyyə, müasir texnologiyalar və bu texnikadan istifadə edə bilən mütəxəssislər yetərlidir. Bunun qarşısını da almaq çətindir. Çünki kosmosa informasiya peykini buraxmış istənilən şirkət qazanc əldə etməyə çalışır. Onu yalnız maliyyə maraqlandırır; peykin yaydığı kontent isə, qətiyyən onun heç vecinə də deyil. Ermənilərin pulunu alıb, onların yalan-palan dolu telekanalını peykinin yayımladığı şirkətə qarşı nəisə edə bilərikmi? Hansı əsasla və hansı hüquqla? Şirkət, ya mədəni şəkildə bizə cavab verəcək ki, gedin işinizlə məşğul olun. Ya da “İntelsat” bildirəcək ki, gəlin, siz də öz telekanalınızı bizim peyklərin birində yayımlayın; yəni, sizdən də qazanc əldə edim…

İşğal edilmiş torpaqlarımızda yaradılmış işğalçı rejimin gec-tez peyk yayımına keçməsi gözlənilən idi. Qondarma “arsaxın” qondarma “nazirliklərinin” hamısının rus, ingilis və hətta fransız versiyalarda elektron saytı fəaliyyət göstərir. Bu qondarma qurumun dünyanın nəhəng dövlətlərinin çoxunda qondarma “nümayəndəlikləri”, televiziyaları və d. KİV-ləri iş başındadır.

Ümumilikdə ermənilərin milli təşkilatlanmaları ilə müqayisədə bizdəki milli təşkilatlanma faktiki çox aşağı dərəcədədir.

Söhbət milli özünədərkdən gedir. Düşmənlərimizdə milli özünüdərk, milli təşkilatlanma və millətçilik ideyası bizlə müqayisədə daha erkən başlamışdır. Ən azı, erməni milli özünüdərki və millətçiliyi bizdən 300 il daha tez formalaşıb. Bunun tarixi, siyasi və dini səbəbləri var.

Elə götürək Güney Azərbaycanda yaşayan soydaşlarımızı. Eyni kriterilər üzrə bizim ermənilərdən geri qaldığımız qədər güneyli azərbaycanlılar da bizdən geri qalırlar. Qarabağın ermənilər tərəfindən işğalı başlayanda məntiqlə gərək Güney Azərbaycanda, bütünlükdə İranda ermənilərin ayaqlarının altında yer od tutub yanmalı idi. Amma… Beləliklə, diaspor təşkilatlanmasında, informasiya müharibəsində düşməndən geriliyimizin əsas səbəbi məhz tarixdən öz köklərini götürür.

“İntelsat” mövzusuna qayıdaq… Bizim yeganə yolumuz adekvat informativ telekanalların yaradılmasıdır. Amma hansı telekanalların?

Sıradan bir ingilisdilli, rusdilli, fransızdilli, almandilli telekanalları, hətta diasporlarımızda lokal KİV-ləri yaradıb, gecə-gündüz erməni işğalçılığından danışmaq olar. Amma bu nə qədər effektli olacaq? Əvvəla, avropalı və ya amerikalı erməniyə daha yaxın baxır, nəinki bizə. Çünki arada pan-xristian ortaq dəyərləri var. Erməniləri dillərinə görə aparıb hipotetik “hind-avropa” dil ailəsinə aid etmişlər və bu dil ailəsinə ingilisləri, almanları, rusları, fransızları qoşmuşlar. Yəni, ortada pan-aryanizm ideyası var. Biz isə, onlar üçün türk və müsəlmanıq. Yəni, onlardan mədəni, din və dil baxımından uzağıq.

İkincisi, sıradan bir televiziya tamaşaçısı üçün ilk dəfə Qarabağ, tarixi həqiqətlər barədə bizim mövqeyimiz maraqlı görünə bilər. Amma daim eyni mövzunu eyni tərzdə təkrar etsək, artıq Anadolu türkləri demişkən “mövzunu abardarıq”. Bizə deyərlər ki, sizin təbliğat maşını ermənilərlə müqayisədə daha sxematik, qeyri-universal və yorucudur.

Ermənilərin bizə qarşı apardığı informasiya mübarizəsində də abartmalar olur. Rusiya və ya Avropa teletamaşaçısı dəfələrlə olub ki, ermənilərə “öz qədimliyinizi, genosidinizi və arsaxınızı gözə soxmaqla daha bizi boğaza yığdınız” deyiblər. Ona görə də ermənilər özlərinə lazım olan informasiyanı müxtəlif “qablarda” Rusiya və Avropa tamaşaçısına yeridirlər ki, yenilik təəssüratı yaransın və yoruculuq olmasın.

Həmçinin, əcnəbi dillərdə olan erməni telekanallarının bir əsas xüsusiyyəti var. Məsələn, ingilisdilli tamaşaçı ermənilərin ingilisdilli telekanalında verilişə baxanda ona belə bir təəssürat təşviq edilir ki, elə ermənilər də ingilislər (ingilisdillilər, amerikalılar, kanadalılar və s.) kimi millətdirlər, sadəcə bir qədər zahiri fərqləri var. Yəni, hansısa ermənidən danışanda ingilisdilli tamaşaçıya tanış olan tarixi bir ingilisdilli şəxsiyyət, yazıçı, tanınmış sima və hadisə ilə paralellər gətirilir. Eynilə də, fransıza ermənilərin də elə fransızlara, almana ermənilərin almanlara, italiyalılara ermənilərin də elə onlara oxşar olduğu fikiri şüuraltı təlqin edilir. Bu çox incə psixoloji məqamdır ki, ermənilər təbliğat təcrübələrində bunu çox aydın dərk etmişlər.

Ona görə də biz təklif edirik ki, müxtəlif dilli telekanallar yaratmaqla yanaşı, hər bir auditoriya üçün maraqlı olan məqamlara uğyun təbliğatımızı kökləyək. Müsəlman (türkdilli, farsdilli və ərəbdilli ölkələr) auditoriyasına hesablanmış beynəlxalq telekanallarımızın işi bir qədər asandır. Həmin auditoriyaların xoşladığı mövzularla yanaşı, ermənilərin müsəlmanlara qarşı törətdiyi cinayətlər barədə geninə-boluna məlumatlar var. Məsələn, 1920-1925-ci illərdə Türküstanda bolşevik ordusunda xidmət edən erməni batalyonlarının törətdiyi soyqırımlar barədə məlumatların yayılması erməniləri bu günədək narahat etməkdədir. Çox heyf ki, müsəlman ölkələrindəki diplomatlarımız və diaspor fəallarımız bu istiqamətdə bu günədək önəmli heç bir iş görmədilər.

Avropalı və xristian auditoriyasına hesablanmış telekanallarımız ermənilərin tarixən xristian dünyasına qarşı oynadığı rol barədə həqiqətləri çatdırımalıdır. Amma bunun necə incə edilməsi forması var. Mövzu isə çoxdur və xristian dünyasında ermənilərin mənfi rolu barədə biz əvvəllər xüsusi məqalələr yazmışdıq.

KİNO SAHƏSİNDƏKİ UĞURSUZLUQ YOLU

Telekanallar, verilişlər, sənədli filmlər və s. lazımi faktorlardır. Amma kinofilmlər sahəsində biz düşmənə çata bilmirik. Söhbət təkcə bizdən getmir. Elə Türkiyə kinematoqrafiyası da erməni və ermənipərəst filmlərə cavab olan beynəlxalq miqyaslı bir film şedevrini indiyədək yarada bilməyib. Bu onu göstərir ki, ümumilikdə türk ölkələrinin kinematoqrafiyası milli çərçivələr içindədir, öz suyunda yoğrulur…

Ermənipərəst və erməni filmlərində, o cümlədən, işğal edilmiş torpaqlarımızda qondarma qurumu dünyaya ayrıca bir dövlət kimi reklam edən kinofilmlər də daxil olmaqla, mövzu birbaşa işıqlandırılmır. Yəni, erməni dığacığı və ya ermənipərəst qeyri-erməni rejissoru  uydurma “genosid”dən, guya ayrıca bir dövlət olan “arsaxdan” birbaşa film çəkmir. Film ümum insani, bəşəri mövzular barəsindədir  və bu filmlərdə əsas mövzulara dolayı toxunulur və təlqin edilir. Məsələn, “arsaxdan” olan dramatik taleli erməni haykanuşun həyatı barədə “Yeva” filmi. Filmin erməni rejissoru, aktyorları hind kinolarındakı olduğu kimitamaşaçını  ağladacaq, amma tamaşaçının yadında qalacaq ki, filmin qəhrəmanı “arsax” adlı “dövlət”dəndir!!! Yəni, bizim kinorejissorlar milli təbliğatı ümumbəşəri horra altında necə “süfrəyə verməyi” erməni kinorejissorlardan öyrənməlidirlər.

O qədər əcnəbi tamaşaçıya maraqlı olan süjetli filmlər çəkmək olar ki, orada dolayısı ilə ermənilərin illərlə toxuduğu saxta təsəvvürləri dağıtmaq mümkündür… Elə, lap tarixi mövzuda. Alban kilsəsinin 708-ci ildə ərəb xəlifəsi tərəfindən məhv edilib erməni kilsəsinə tabe etdirilməsi barədə tarixi film çəkmək xristian tamaşaçısı üçün maraqlı olmazmı? Hətta filmdə erməni kilsəsinin ayrı bir topluma, hayların isə, ayrı bir topluma aid edilməsini də qabartmaq olardı… Bunun üçün pul, gözəl ssenari və “pulu necə yeməyi” deyil, sənət əsərini necə yaratmağı düşünən professional rejissor lazımdır…

Göründüyü kimi, bizdə əsas problem — mövzunu bilən bilikli və yaradıcı adamların imkanlarının və pulunun olmaması və əksinə, pulu və imkanı olanların biliklərdən və yaradıcılıqdan uzaq olmasıdır.

Qarxunlu

 “Millətçilik” qəzeti