HUMANİZM VƏ XEYRXAHLIQ ELÇİSİ

”Həqiqi mərhəmət real işlər görülməsini, konkret addımlar atılmasını tələb edir. Ən
dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol,
istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub saxlamaq lazımdır”.

Mehriban xanım Əliyeva
O, sadə, ağıllı və təmkinlidir. Nəcib və nəzakətlidir. Mərhəmətli və səxavətlidir. Humanist və
xeyirxahdır.
Onun əməllərinin mayasında böyük ürək, işıqlı təfəkkür, zəngin intellekt dayanır.
Tanrı hər yaratdığı bəndəsinə böyük ürək vermir.Allah o kəslərin təfəkkürünü işıqlandırır ki, onlar buna layiqdirlər.
Zəngin intellekt də Yaradanın böyük sevgi və səxavətlə bəxş etdiyi istedadın cilalanmasıdır.
Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu
ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr
vermişdir.Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan "Kitabi-Dədə Qorqud"
dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır. Burla
xatun, Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadın obrazları, onların mübariz həyat tərzi,
cəsur və mərdanə davranışları cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə bərabər
hüquqlara, hətta daha mötəbər statusa malik olduqlarının əyani təzahürüdür.
Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi
və məsuliyyətli vəzifədir. Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün
hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı
əldə edə biləcəyi incə detalı, məğzi unutmaq əndişəsidir. Son əlli ildə qadınların siyasətdə
rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin
ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları
sırasındadır.
Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və
hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir
səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun
fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf
mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli
fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm
dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla
məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol
oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması
üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi
məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun Vətənimizə,
dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva
ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır,
dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır, ictimai-siyasi
xadimdir.
Mehrriban xanım Cənubi Qafqazın ən nüfuzlu və müdrik xanımı, ölkəmizin birinci Vitse
Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-
nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.
Mehriban Əliyeva Azərbaycanın və postsovet məkanının ayrılıqda götürülən tarixi baxımından
müstəsna, amma qlobal proseslər baxımından obyektiv qanunauyğun fenomendir. Söhbət son 50
ildə qadınların siyasətdə rolunun artmasından gedir. Bu prosesin başlanğıcını Sirimavo
Bandaranaike qoyub. O, 1960-cı il iyulun 21-də Şri-Lankada dünyada ilk qadın Baş nazir olub.

Onun rəhbərliyi ilə ada müstəmləkə asılılığından və müharibədən xilas olub. Sonra o, daha iki
dəfə Baş nazir seçilib.
Qadınların siyasətə gəlişi nəticəsində Asiyada və bütövlükdə dünyada çoxsaylı maraqlı və
mütərəqqi dəyişikliklər baş verib: Hindistanın Baş naziri İndira Qandi; ən yeni tarixdə müsəlman
əhalinin üstünlük təşkil etdiyi bir ölkədə – Pakistanda ilk qadın hökumət başçısı Binəzir Bhutto;
Filippində Asiyada ilk qadın prezident Kori Akino. Yəni, Asiya qitəsində siyasətin
feminizasiyası məlum prosesdir.
2004-cü ildə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təsis
edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu
Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan
xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi,
milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır.
Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən
ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya,
ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata
keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan
insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə
çıxarılmasına və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi,
azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, Azərbaycan Respublikasının beynəlxalq
nüfuzunun artırılmasına yönəlmiş tədbirlərinin həyata keçirilməsi fondun fəaliyyət dairəsinə
daxil olan prioritet sahələrdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və
Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası Azərbaycanın nadir bir
tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlərarası dialoqda oynadığı tarixi
rolun təzahürüdür.
Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı
təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər
açmışdır. Bu ənənənin davamı olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya
Nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə baş əlaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün (IDEA) təsisçisi Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən tədbirlər artıq gənc Azərbaycan xanımının cəmiyyət üçün aktual olan
məsələlərin həllində söz sahibinə çevrildiyini göstərir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil
sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci
ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və
səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində
parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", Uşaq evləri və internat məktəblərinin
inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası
Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması
üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və
əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə
ölkəmizin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin,
səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin
beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük
xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir. Mehriban xanım Əliyevanın
ölkəmizin ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunması Azərbaycanın birinci
xanımının fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Bu mükafatla dövlət başçısı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin Azərbaycan xalqı və dövləti üçün nə qədər
əhəmiyyətli olduğunu göstərmişdir.

Prezident İlham Əliyev birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırma
mərasimindəki çıxışında Mehriban xanım Əliyevanın fəaliyyətinə səmimiyyətlə dəyər verir:
"Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək
qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu
Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur".
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə idman, mədəniyyət, təhsil sahəsində və ümumiyyətlə,
dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən
tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə qədər,
mədəniyyətdən səhiyyəyə qədər, xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər
əhatəli fəaliyyət potensialına malik olan Mehriban Əliyevanın ölkəmizin bütün ictimai, siyasi,
mədəni dairələri tərəfindən işgüzar və görkəmli Azərbaycan qadını kimi tanınması
cəmiyyətimizdə Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir.
Mehriban xanımın ölkə və qlobal səviyyədə gördüyü işlər beynəlxalq aləmdə də yüksək
qiymətləndirilməkdədir. 2016-cı ildə Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə
görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın "Şərəf Legionu" ordeninə və bir çox
dövlətlərin orden və medallarına, çoxsaylı mükafatlarına layiq görülmüşdür.
Əslində, o, insanları sevməklə özünü sevdirdi. Sadəliyi və xeyirxahlığı ilə az zamanda
Azərbaycan sevgisini qazandı, amma təkcə bu məmləkətə sığmadı, dünyanın da diqqətini özünə
cəlb etdi. Dünya bu zərif, incə xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qaldı, onun
təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışladı. O, indi
dünyada zəif və zərif cinsin ən güclü, ən qüdrətli simalarından biri kimi tanınır və qəbul olunur.
O, indi dünyanın ən gənc və sevilən, hörmətlə yanaşılan birinci ledisidir. Ölkədə Birinci Ledi
İnstitutunu formalaşdıran Mehriban Əliyeva az zamanda Azərbaycan qadınının kimliyini
göstərdi dünyaya. Bu gün heç tərəddüd etmədən belə deyə bilərik: zəngin tarixi keçmişi, bu
keçmişdə gözəl örnəkləri olan Azərbaycan qadınının ən parlaq səhifəsi indi açılır.
Həyatda hər kəsin, hətta torpağın, daşın, yarpağın, dənizin, suyun da öz nəğməsi var, deyirlər.
Hərə öz dilində oxuyur nəğməsini. Mehriban xanım da təkrarsız bir nəğmənin müəllifidir:
mərhəmət, şəfqət, xeyirxahlıq nəğməsinin. Bu nəğmə milyonların qəlbini ələ alır, insanları
həyəcanlandıra, sevindirə bilir, onların dərdinə şərik çıxır, ağrılarını azaldır. Ən zalım insan belə,
bu musiqinin qüvvəsi ilə ram olur, dəyişir, saflaşır, nəcibləşir. Bu nəğmə, həm də sabaha ümid
nəğməsidir. Qadın gözəlliyinin zərif örnəyi, mübarək bir lövhəsi olan Mehriban Əliyeva bütün
dünyaya xeyirxahlığın zirvə nümunəsini sərgiləməkdə davam edir. Ən parlaq işlər is hələ
qabaqdadır. Onun getdikcə yeni çalar qazanan ictimai-siyasi fəaliyyəti bunu diqtə edir.
Burada Prezident İlham Əliyevin fikrini xatırlatmaq yerinə düşür: "O, insanlara xoş
münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilib. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir.
Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının
mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən
gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq".
Onu öz xalqına sevdirən də elə bu gözəl keyfiyyətlərdir. İndi öz xalqının nəzərində onun gözəl
və ağıllı, müdrik xanım kimi olduqca müsbət imici, gündən-günə artan nüfuzu var…
Bəli, onun portret cizgiləri müasirlərinin yaddaşında məhz bu cür əbədiləşib. Bir aforizmdə
deyildiyi kimi: "Gözəlsənsə, sənə baxırlar, ağıllısansa, valeh olurlar, ağıllı və gözəlsənsə, səni
unuda bilmirlər.”
Bugün xalqımız Mehriban Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün
təşəbbüslərini dəstəkləyir və onun şəxsində Azərbaycan xanımına ən yüksək hörmət və
ehtiramını ifadə edir. Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya milli maraqlarımızın
müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi
yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzu edirik.

Rövşən Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabineti
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Əməkdaşı