Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş elmi sessiya keçirildi

İyunun 12-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş “2018-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirildi.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, sessiyanın işində AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova iştirak etmişdir.

Elmi sessiyanı giriş sözü ilə AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açdı. Akademik N.Axundova öz çıxışında Azərbaycan arxeologiya və etnoqrafiyasının Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı prioritet elm sahələrindən olduğunu vurğulamışdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda çıxışında ötən əsrin 70-80-ci illərindən, məhz Heydər Əliyevin hakimiyyətə gəldiyindən etibarən və 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra respublikada göstərilən elm sahələrinin inkişafı, göstərilən elm sahələrinin hüquqi cəhətdən təsisatlanması və institutlaşması istiqamətində görülən nəhəng işlərdən söz açdı. Həmçinin, professor M.Rəhimova çıxışında 2018-ci ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yüksək səviyyəsini, arxeoloji tədqiqatlara dövlət qayğısının və ictimai marağın artmasını vurğulamış, Yaponiya, Koreya, ABŞ, Fransa, Almaniya, İtaliya və d. ölkələrin mütəxəssisləri ilə təşkil edilən birgə beynəlxalq arxeoloji ekspedisiyaların milli arxeologiyamızın dünya səviyyəsində tanıdılmasında ölçülməz əhəmiyyətini qeyd etmiş və qarşıda duran məsələlər və həllini gözləyən problemlər barədə danışmışdır.

  Elmi sessiyanın rəsmi hissəsindən sonra bölümlərdə 2018-ci ildə aparılmış arxeoloji tədqiqatlar üzrə 32, etnoqrafik tədqiqatlar üzrə 29 mövzuda məruzələr dinlənildi. Tədqiqatçılar elektron təsvirli təqdimatlarla müşayət olunan məruzələrində apardıqları araşdırmalar barədə məlumat vermiş, sessiya iştirakçılarının mövzularla bağlı çoxsaylı suallarını cavablandırmışlar.