Həmsədrlərin yeni təklifləri – işğal davam edir – ŞƏRH

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçirilib.

İyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskontini, (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə aparılan danışıqlar üç saat davam edib.

Bu son 6 ayda həmsədrlərin iştirakı ilə nazirlərin 3-cü görüşü idi. Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri bundan əvvəl yanvarın 16-da Parisdə, aprelin 15-də isə Moskvada bir araya gəliblər.

Belə qənaətə gəlmək olar ki, yanvar görüşü Fransanın, aprel danışıqları Rusiyanın, iyun görüşü isə ABŞ-ın təşəbbüsü ilə baş tutub.

Bütün bunlar kənardan həmsədrlərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğaldan azad edilməsi cəhdi kimi görünür. Ancaq bu təşəbbüsləri ilə Vaşinqton, Paris və Moskva münaqişənin həllinə deyil, tərəflərə təsir imkanlarını sınaqan keçirməyə can atırlar. Bununla da həmsədrlər sanki bir-birlərinə bölgədə daha çox kimin güclü, kim sözünün keçərli olduğunu sübut etməyə çalışırlar. Ancaq nəticə dəyişməyib. Builki görüşlərdə əsasən, humanitar sahədə əlaqələrə diqqət ayrılıb. Əldə edilən digər razılıq isə nazirlərin təmasları davam etdirməsidir.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun görüşdən sonra jurnalistlərə verdiyi müsahibəsindən də münaqişənin həlli ilə bağlı ciddi nəticənin əldə olunmadığı qənaətinə gəlmək olar. Onun “aramızda hələ ciddi fərqlər qalır”, “eyni təkliflər”, “15 ildir müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”, “detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır” kimi ifadələr də bunu təsdiqləyir. Başqa sözlə, məsələnin həlli detallarda, aradakı ciddi fikir ayrılığında və 15 ildir edilməyən yeni təkliflərdədir.

Heç şübhəsiz münaqişənin dinc yolla tənzimlənməsi üçün ilk növbədə Ermənstan silahlı qüvvələri işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır. E.Məmmədyarov bunu “ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtması” kimi xarakterizə edib. Amma belə bir addımı atması üçün Ermənistana heç bir təzyiq, yaxud şirinikləndirici təkliflər də edilmir. Bu baxımdan demək olar ki, işğal davam edəcək. Ermənistan hərbçiləri Azərbaycan torpaqlarının işğalını davam etdirərsə, münaqişənin dinc yolla həlli ilə bağlı hansı çıxış yolu qalır? Ona görə də münaqişənin həlli və ya tənzimlənməsi üçün beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən bütün toplantılar və görüşlər nəticəsiz qalacaq.

Son zamanlar “əhalinin sülhə hazırlamaq” tezisi ortaya atılıb. Dağlıq Qarabağın azərbaycanlı sakinləri öz dədə-baba yurdlarına gedə bilmirsə, onları sülhə necə hazırlamaq olar? Evində işğalçı oturan, yaxud Ermənistanın evinin, yurdunun daşını-daş üstə qoymadığı Dağlıq Qarabağ və ətraf rayonların sakinlərini sülhə necə razı salmaq olar?

Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Ancaq bu təkliflərin nədən ibarət olduğu da məlum deyil. O zaman torpaqlarının taleyi barədə görüşün nəticələri, müzakirə edilən məsələlərdən xəbərsiz olan Azərbaycan vətəndaşları vasitəçilərə etibar edərmi?

Beləliklə, 3 saat çəkən görüş barədə yayılan məlumatlara əsasən aşağıdakı qənaətə gəlmək olar:

– həmsədrlər tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar;

– Qarabağın azərbaycanlı və erməni icmalarını sülhə hazırlamağı tövsiyə ediblər;

– təklif edilib ki, təmas xəttindəki vəziyyət yekunda sülh müqaviləsinə doğru irəliləyişə mane olmamalı, proses davam etdirilməlidir;

– həmsədrlər Azərbaycan və Ermənistan arasında mövcud birbaşa kommunikasiyadan yararlanmağı və eskalasiya riskinin qarşısını almaq üçün cəld reaksiya verməyə çağırıblar;

– vasitəçilər və tərəflər arasında etimadı gücləndirmək üçün humanitar mübadilə həyata keçirməyin vacibliyini bildiriblər;

– nazirlərə yaxın ayda bir də görüşmək təklif olunub və s.

Ehtimal olunan təkliflərdən və çıxışlardan göründüyü kimi Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaq siyasətini davam etdirmək istəyir.

Vasitəçilər isə əvvəlkilərə oxşar təkliflər verib. Onların Vaşinqtonda Paris və Moskva görüşlərində əldə edilən razılığın gedişini müzakirə etməsi bunu təsdiqləyir. Bu zaman belə bir sual yaranır: Paris və Moskvada hansı razılaşma əldə edilib? Bu sualın cavabı isə 3 görüşün yekun qiymətidir.

Beləliklə, torpaqların işğaldan azad olunması üçün ən asan yolla bağlı heç bir fikir deyilməyib. Vasitəçilər bu görüşdə də Ermənistanı işğaldan əl çəkməyə çağırmayıblar. Odur ki, Paris görüşü, Moskvaya, Moskva görüşü Vaşinqtona, 3 bir yerdə isə işğalın davam etməsinə bərabərdir. Nəticədə bu görüş də Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını daha bir müddət uzadıb.