Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə əhəmiyyətli infrastruktur layihələr həyata keçiriləcək

Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda yerli sakinlərlə görüş keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Kvemo Kartli bölgəsində həyata keçiriləcək əhəmiyyətli infrastruktur layihələr barədə ətraflı məlumat təqdim olunub.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib ki, Marneuli rayonunda illər ərzində həllini gözləyən əsas problem su təminatı və kanalizasiya sistemi ilə bağlıdır: “Yerli əhalini ən çox narahat edən məsələ də budur. Marneulidə əhalinin 85 faizi gün ərzində 5-6 saat qrafiklə içməli su ilə təmin olunur. Bu problemin aradan qaldırılması üçün ciddi addımlar atılacaq”.

Görüşdə Marneuli və Bolnisi rayonlarının su təminatı və kanalizasiya sistemi ilə bağlı həyata keçiriləcək layihənin təqdimatı keçirilib. Ümumi dəyəri təxminən 56 mln. dollar olan layihənin icrasına bu ilin dekabr ayında başlanılacaq. 2021-ci ilin mart ayında başa çatdırılması nəzərdə tutulan layihə sayəsində Marneuli sakinləri 24 saat ərzində içməlu su ilə təmin olunacaqlar.

Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze çıxışında Kvemo Kartli bölgəsində həyata keçirilən və planlaşdırılan yol infrastruktur layihələri barədə danışıb.

O, bölgədə hazırda 12 infrastruktur layihənin həyata keçirildiyini qeyd edib: “Bu layihələrin reallaşdırılmasına 45,7 mln. lari ayrılıb. Layihələrin 6-sı bu ilin sonuna qədər, yerdə qalanlarının isə 2019-cu ilə başa çatdırılması nəzərdə tutulub”.

İ.Karseladze bildirib ki, bölgədə həyata keçiriləcək infrastruktur layihələr sayəsində yolların 82%-nin vəziyyəti yaxşılaşdırılacaq. O, layihələrin icrasına cəlb olunacaq işçilərin 80%-nin yerli sakinlər olacağını vurğulayıb.

Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili deyib ki, bölgədə əhəmiyyətli infrastruktur layihələrin həyata keçirilməsinin əsas məqsədi yerli əhalinin rahatlığını təmin etməkdir: “Hökumət yalnız mərkəzdə deyil, bölgələrdə də əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına böyük önəm verir”.

Tədbirdə həmçinin bildirilib ki, Marneuli rayonunun 7 kəndində yeni məktəblərin inşa olunmasına 27 mln. lari, təmirə ehtyacı olan məktəblərin bərpası üçün 5 mln. lari ayrılıb.

Rayonda həmçinin ümumi dəyəri 7 mln. lari olan mərkəzi stadion və 21 kənddə ambulator məntəqələr tikiləcək.

Görüşdə Marneuli rayonunun rəhbərliyi, majoritar deputatlar Ruslan Hacıyev, Tamaz Naveriani və digər rəsmi şəxslər də iştirak edib.