Gürcüstan hakim partiyasının sədri etirazçıların tələblərindən birini qəbul edib – YENİLƏNİB

Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı verilib.

Partiya sədri parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini deyib.

Qeyd edək ki, parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub.


*** 11:54

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili xüsusi bəyanatla çıxış edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bəyanatın yaxın dəqiqələrdə partiyanın mərkəzi ofisində səsləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası, daha sonra isə partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun toplantısı keçirilib. Hər iki iclasda son günlər ölkədə cərəyan edən proseslər və etirazçıların tələbləri müzakirə olunub.