GÜCLÜ SİYASƏT VƏ GÜCLÜ SİYASƏTÇİ

Bu həftə Azərbaycan Dövlətinin regionda çəki və rolunu göstərən tarixi hadisələr silsiləsi sıralandı. Dünya erməni mafiyasının boyunduruğunda iməkləyən Qərbin və Rusiyanın çox da arzulamadıqları Bakı-Tbilisi-Qars dəmiryolu öz fəaliyyətinə başladı.

TÜRK BİRLİYİ LAYİHƏSİ GERÇƏKLƏŞDİ!

Ötən həftənin Türk Dünyasının müasir tarixinə qızıl hərflərlə yazılacaq hadisəsi sözsüz ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı oldu. Bakıda düzənlənən təntənəli açılış mərasimində ev yiyəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva olmaqla Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri qonaq qismində iştirak edirdilər.

Mərasimin rəsmi hissəsində Prezident İlham Əliyev etdiyi çıxışında mühüm məqamlara toxundu:“Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.

Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.

…Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”-deyə Prezident İlham Əliyev vurğuladı.

Beləliklə, dünya erməni mafiyasının  boyunduruğunda iməkləyən Qərbin və Rusiyanın xoşlamadığı strateji Türk  layihəsi işə düşdü. Siyasi və diplomatik etika xatirinə Prezident İlham Əliyev bu layihənin əleyhinə çıxan qüvvələrin mövzusunu dərinləşdirmədi. Digəl ki, ABŞ və AB öz yurisdiksyaları altında  fəaliyyət göstərən bütün Qərb kompaniyalarına və maliyyə təsisatlarına həmin layihənin gerçəkləşməsində iştirakı yasaq etmişdi?!

Bu layihənin gerçəkləşməsindən ağzı köpüklənmə həddinə qədər qəzəblənmiş ABŞ və Avropanın idarə edən ermənı mafiyası və ermənipərəst Qərbin siyasi dairələri əllərinin altında olan qlobal telekanallarda çox simic və qısa məlumatlar verdilər. Digəl ki, elə Qərbin müstəqil politoloqları bu barədə geniş şərhlər yayırlar.  Xislət və xainlik o dərəcəyə çatdı ki, 2014-cü ildə Gürcüstan ərazisində azərbaycanlılarla svanlar arasında dava-dalaş barədə köhnə xəbəri yeni məlumat kimi yayımlamağa başladılar. Özü də hansı qlobal xəbər saytında? ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin  “Azadlıq” radiostansiyasının saytında! Yalan və təxribat o qədər kobud və açıq-aydın idi ki, Gürcüstan Xarici İşlər Nazirliyi “Azadlıq” saytından izahat tələb etdi…

Eybi yox! Xristianpərəst, irqçi və ermənipərəst ABŞ dairələri əlindən gələni beş qaba, lap elə beş qazana çəksin! Təki bizim uğurlarımıza daim qəzəblənəsiniz, xainlik hirsinizdən daim ağzınız köpüklənsin!

Lakin Azərbaycanın geo-siyasi meydanda bu gedişi yeganə olmadı…

ŞİMAL-CƏNUB XƏTTİ ÜZRƏ AKTİVLİK

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimindəki çıxışında Prezident İlham Əliyev bir məqama da toxunmuşdu. Belə ki, o, çıxışında bunları bildirdi: “Onu da qeyd etməliyəm ki, Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.”

Bu sözlərin gerçək davamı kimi noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda ən yüksək səviyyədə Azərbaycan-Rusiya-İran zirvə görüşündə iştirak etdi. Görüş zamanı üçtərəfli fikir mübadiləsi ilə yanaşı İlham Əliyev ayrı-ayrılıqda Rusiya preizdenti Vladimir Putin və İran İslam Respublikasının prezidenti Həsən Ruhiani ilə görüşlər keçirdi. Yekun bəyantda İlham Əliyev bu cür məqamı xüsusi olaraq vurğuladı: “… keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçmişdir. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən bunu da Zirvə görüşü zamanı söylədim, mətbuat da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır.”

Həmçinin, Prezidentimiz zirvə görüşündə xüsusi olaraq vurğuladı: “Azərbaycan yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədləri vardır”. Bu,təkcə zirvə görüşünün tərəflərinə deyil, dünyanın əsas siyasi çevrələrinə ünvanlanmış ismaric idi.

REGİONAL VƏ QLOBAL SİYASİ OYUNÇU

Beləliklə, həftə içində baş vermiş iki mühüm tarixi hadisə Azərbaycanın istər regional, istərsə də qlobal çərçivədə istisna edilə bilməyəcək qüvvə olmasını nümayiş etdirdi. Cənubi Qafqazda hər hansı iqtisadi və siyasi layihənin gerçəkləşməsi üçün Azərbaycanın iştirakı, onun mənafelərinin nəzərə alınması qaçılmazdır.

Məlumdur ki, Avropaya qaz və neft nəqli sahəsində Türkiyəni “regional hab”, yəni əlində regional energetik kəmərləri mərkəzləşdirmiş inhisar qovşağı (ingiliscə “hub” – təkərlərin mili, qovşağ) adlandırırlar. Təkcə bu həftə ərzində göstərdiyimiz iki tarixi hadisə Azərbaycanın nəinki Türkiyə, həmçinin, Rusiya, İran, bütövlükdə Mərkəzi və Ön Asiya, Avropa üzrə əsas siyasi strateji və iqtisadi “hab” a çevrildiyinu bariz nümayiş etdirir.

Özələn də, biz Azərbaycanın bu cür siyasi və iqtisadi önəmə yüksəlməsində Prezident İlham Əliyevin rolunu vurğulamalıyıq. Bu cür qlobal layihələrin gerçəkləşdirilməsində, Qərb və Rusiya kimi superdövlətlərin münasibətlərindəAzərbaycanı təhlükələrdən sığortalamaq, eyni zamanda hər iki cinah üçün əhəmiyyətli qüvvə olduğunu vurğulamaq yalnız güclü siyasətçinin fəaliyyətinin nəticəsi ola bilərdi.

P.S. Əlbəttə, biz “mama müxalifətin” uğursuz mitinqini də göstərib, nəyi var tənqid edə bilərdik. Elə təkcə onu götürək ki, mitinq yığıb iqtidarı tənqid etməkdən cəmi bir-iki gün sonra regionun və Türk Dünyasının bütün gücləri Azərbaycan Prezidenti ilə görüşdüklərindən keçirdikləri fəxr hissləri bölüşür, Prezidentimizin iradəsi və müdrik siyasəti nəticəsində nail olduğumuz növbəti strateji uğur münasibətilə xalqımızı təbrik edirdilər. Bunu müqayisə edən ağılı başında olan adi adam üçün Prezidentimizin idarəsi altında Dövlətimizin əldə etdiyi uğurlar önəmli olacaq, ya meydana yığışıb qara-şivən çəkən bəzi siyasətbazların dedikləri? 

Alptegin

“Millətçilik” qəzeti