Göytəpə və Kiçiktəpə neolit abidələrində Azərbaycan və Fransa arxeoloqlarının birgə araşdırmaları

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d., arxeoloq Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz arxeoloji ekspedisiyası 31 may tarixindən iyul ayının ikinci yarısınadək Azərbaycanın qərbində, Tovuz rayonundan 10 km şərqdə yerləşən Göytəpə son neolit dövrü yaşayış məskənində arxeoloji tədqiqatları davam etdirmişdir.  Tədqiqatlar əsasən təpənin 1A (1A1-1A2) kvadratında aparılmışdır.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən xəbərə görə, Göytəpə məskənində çöl-tədqiqat işləri ilə paralel olaraq 07 iyul tarixindən iyulun sonunadək Azərbaycan-Fransa Beynəlxalq arxeoloji ekspedisiyası (Azərbaycan tərəfindən t.ü.f.d. Fərhad Quliyev və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin/CNRS təmsilçisi, arxeoloq, Dr. Culio Palumbinin rəhbərliyi ilə) Göytəpədən 3 km şərqdə yerləşən Kiçiktəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlarını bərpa etmişdir.

Hər iki abidədə aparılan tədqiqatların əsas məqsədi — Azərbaycanda və ümumən Qafqaz regionunda neolitləşmə prosesinin başlanma və bitmə müddətində iqlim şəraitinin müəyyən edilməsi, daha öncə Yaxın Şərq regionunda başlayan neolit dövrü sosial-iqtisadi həyatının Qafqaz regionuna təsiri, məskunlaşmanı şərtləndirən amillər, mövsümi dəyişkənliklərlə bağlı köçərilik və yarım köçəriliyin mövcudluğu, insanların qida rasionun təkamülü, Azərbaycanın qərb bölgəsinin neolit cəmiyyətlərinin meydana gəlməsindəki rolu və s. kimi məsələlərə aydınlıq gətirilməsi olmuşdur.

Tədqiqatların arxeometrik aspektinin təmini üçün Fransa Milli Elmi Araşdırmalar Mərkəzindən müxtəlif elm sahələri üzrə təcrübəli mütəxəssislər – daş alətlər texnologiyası mütəxəssisi Lourens Astrük (Laurence Astruc), paleobotanik Aleksia Deka (Alexia Dexaic), topoqraf Emanuela Brunaççi (Emanuela Brunacci), antropoloq Modvin Polmark  (Modwene Poulmarc’h), arxeoloq Emmanuel Boduen (Emmanuel Baudouin) dəvət edilmişdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün Göytəpə neolit dövrü abidəsinin üst hissəsində 100 mərazidə arxeoloji qazıntı işləri davam etdirilmiş və üst hissədən başlayaraq aşağıya doğru 3-cü tikili horizontu tamamilə qazılaraq tədqiq edilmişdir. Nəticədə, dairəvi tikililərdən ibarət yaşayış yerləri və onların ətrafındakı həyətyanı sahələrdə istehsal fəaliyyətinin izləri dərindən öyrənilmiş, hər bir maddi mədəniyyət nümunəsi yerli və əcnəbi mütəxəssislər tərəfindən analiz və təhlillərə cəlb edilmişdir.

Kiçiktəpə qədim yaşayış məskənində isə arxeoloji qazıntı işləri əvvəlki illərdə qazılmış kvadratlarda qaldığı yerdən davam etdirilmiş, 100  mərazidə yeni kvadratlar açılmışdır.

Gələcəkdə hər iki abidədə arxeoloji tədqiqatların davam etdirilməsi son neolit dövründə Yaxın Şərqlə əlaqələrin meydana çıxması və bölgədə neolitləşmə prosesini izah etməklə yanaşı, eramızdan əvvəl VI minillikdə insanların həyat tərzi və istehsal fəaliyyətləri barədə geniş təsəvvür yaratmağa imkan verəcəkdir.