Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin mərkəzi oxundan 420 m məsafədə ictimai binaların tikintisi qadağan edilib

Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərinin mərkəzi oxundan 420 m məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən hündür yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilib.

Milletcilik.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəməri Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr bu məsləhətləşmə zonalarının hüdudlarında torpaq sahələri ayrılarkən həmin ərazidə mövcud olan daşınmaz əmlak üzərində mülkiyyət, istifadə, icarə hüquqları, həmçinin əvvəllər inşa edilmiş və sənədləri müvafiq təşkilatlarla razılaşdırılaraq dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak istisna olmaqla, sənədləşdirmə prosedurlarında həmin qadağalara riayət olunmasını təmin etməlidirlər.