Gəncədə bacısı qızını qaçırdığına görə 20 yaşlı gənci öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirləndirilən Bahadur Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Millətçik.az-ın xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib. A.İsayev əvəzində qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib.

B.Qasımov söhbətə gələn A.İsayevi Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 77 ünvanında yerləşən qardaşına məxsus evə aparıb və orada aralarında mübahisə düşüb. Bu zaman B.Qasımov onun boğazını kəsərək qətlə yetirib. O, daha sonra yaşadığı Şəmkir rayonuna gedib. Bir neçə gündən sonra isə Şəmkir rayon Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.İsayevin meytini hadisənin qeydə alındığı ünvanda aşkar edərək onu tibbi ekspertizaya təhvil veriblər.