Fransalı ekspert: “Azərbaycanın tətbiq etdiyi karantin rejimi ən optimal variantdır”

“Azərbaycanda koronavirusa ilk yoluxma halı fevral ayında qeydə alınıb. Bundan sonra hökumət ölkə ərazisində infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə ardıcıl surətdə vəziyyətə müvafiq tədbirlər görülür”.

Bu fikirləri “Report”un Fransa bürosuna açıqlamasında Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin prezidenti Naim Asas bildirib.

Onun sözlərinə görə, Azərbaycan koronavirus qurbanlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa nail olub: “Azərbaycanı digər ölkələrlə müqayisə etdikdə koronavirusa qarşı mübarizənin uğurla aparıldığını deyə  bilərik. Belə ki, dünyada indiyədək 293 mindən çox insan COVID-19 pandemiyasının qurbanı olub. Bunun isə yalnız 33 nəfəri Azərbaycanın payına düşür. Bu günədək ölkədə 200 mindən çox koronavirus testi həyata keçirilib. Bu günədək Fransada tibbi maska qıtlığı davam edir. Öz sərhədləri daxilindəki effektli tədbirlərlə yanaşı, Azərbaycan dünyada koronaviruas qarşı mübarizədə də aktiv iştirak edir. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar yardım göstərməsi, Çinə, İrana köməyi humanist addımdır“.

Naim AsasStrateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin prezidenti Naim Asas:

“Azərbaycan koronavirus qurbanlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa nail olub”.

N.Asas deyib ki, Azərbaycan tədbirlərə vaxtında başladığı kimi, regiondakı vəziyyətdən dolayı bundan sonra da səylərini səfərbər etməlidir: “Qərbi Avropaya, habelə Fransa, İtaliyaya baxanda Azərbaycanın yerləşdiyi regionda koronavirusun yayılma sürəti daha zəif gedir. Lakin Rusiyada hər gün on minlərlə insanda koronavirus aşkarlanır. İranda virus hələ də aktiv fəaliyyətdədir. Azərbaycanı əhatə edən ölkələrdə bu gün vəziyyət elə də ürəkaçan deyil“.

Fransalı ekspert vurğulayıb ki, karantin rejimi qismən yumşaldılmasaydı, iqtisadi, sosial, psixoloji problemlər yarana bilərdi: “Bu da COVID-19 pandemiyasından da təhlükəlidir. Koronavirusun ölkə daxilində və xaricində qalmaqda davam etdiyi müddətdə sərhədlərin bağlı saxlanılması qaçılmazdır. Məktəblər, universitetlər, kinoteatrlar və digər ictimai yerlərin bağlı saxlanılması mümkün olsa da,  karantin rejiminin davam etdirilməsi iqtisadiyyatın məhvinə apara bilər. Ona görə də Azərbaycanın tətbiq etdiyi karantin rejimi hələlik ən optimal variantdır“.