DÖVLƏT OLDUĞUMUZU İNTERPOLA VƏ DÜNYAYA GÖSTƏRMƏLİYİK!

Milli mediamızın verdiyi xəbərə görə, noyabrın 19- da Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

HƏBS EDİLMİŞ PAKİSTANLILARIN İŞİ

“Report”un xəbərinə görə, ekstradisiya ilə bağlı təqdimata hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxır.

Prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər. Məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər. ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər. Onlar bu məsələdə yanlışlıq olduğunu deyərək Azərbaycanda həbsdə saxlanılmalarını istəyiblər. ABŞ səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşı suala cavab olaraq bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları barədə məlumatlı olmadığını deyib. Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib. Pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.

BEYNƏLXALQ QANUNLAR VAR, AMMA…

 Əlbəttə, cinayət cəzasız qalmamalıdır. Beynəlxalq münasibətlərdə ölkələr kriminal ilə mübarizədə əməkdaşlıq edirlər. Axı, transmilli kriminal qruplaşmalar var, bir ölkədə cinayət törədib digər ölkədə gizlənən və cəzasız qalan canilər var… Əgər bir ölkə öz ərazisində digər ölkədə cinayət törətmiş (istər real olaraq, istərsə də İnternet üzərindən) caniyə sığınacaq verərsə, ya müxtəlif bəhanələrlə onun cinayət işinə baxılmasına maneəçilik törədərsə, işi əyləcləyərsə və ya cinayətkarı hər hansı bir bəhanə ilə məsuliyyətdən azad edərsə, sabah bütün bunlar həmin ölkənin də başına gələ bilər. Ona görə də cinayətkarların qarşılıqlı axtarılması barədə dövlətlər arasında müqavilələr bağlanır, İnterpol kimi beynəlxalq polis təşkilatı var və s.

Azərbaycan həmişə beynəlxalq müqavilələr ilə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir.

Hələ 1998-ci ildə ABŞ-ın CİA-sının beynəlxalq axtarışa verdiyi Cəbhət ən-Nusranın keçmiş lideri Əhməd Salam Mabruk və onun əlaltıları İhab Sağr və Əssamə Marzuk Bakıda həbs edilərək Misirə təhvil verildilər. Amma sonra bu terrorçunun səsi Quantanamodan gəldi. Yəni, ABŞ onu Misirdən almışdı. Sonra Misir türməsinə qaytarıldı. Misirdəki “baharda” azadlığa çıxan Mabruk 2016-cı ildə Suriyada ABŞ dronunun hücumunda öldürüldü.

2003-cü il ərzində Bakıda ABŞ-ın və İnterpolun axtardığı Ədnan Muhamməd Sadıq, Abu-Ayət, İbrahim Ehdəruz və d. terrorçular həbs edilib aidiyyəti üzrə ölkələrə təhvil verildi. Bəzi mənbələr görə, onların da səsi sonradan Quantanamodan gəlirdi…

Bu ilin aprel ayında Almaniya dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Azərbaycanda tutulub. Almaniyada 7 maddə ilə axtarışda olan Bolqarıstan vətəndaşı Süleyman Yıldızhan Necat Astara gömrük keçid məntəqəsində saxlanılıb. O, hüqüq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Amma çox maraqlıdır ki, istər İnterpol, istər bəzi dövlətlər olsun, Azərbaycanın axtarışa verdiyi, yəni Azərbaycan ərazisində cinayət törətmiş caniləri həbs etmək və ya Azərbaycana təhvil vermək fikrində deyillər.

AZƏRBAYCANI DÖVLƏT SAYMIRLAR?

Hələ bir il öncə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun rəisi polkovnik Telman Şahbazov milli mediaya açıqlamasında bildirmişdir ki, bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan cinayət məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (deportasiya), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normaları pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilmiş və onlar barəsində təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərarlar qəbul edilmişdir. Onlar barəsində həbs qəti imkan tədbiri seçilmiş, axtarışların təmin edilməsindən ötrü müvafiq sənədlər interpolun Azərbaycan milli bürosuna və Daxili İşlər nazirinə təqdim edilmişdir.

Lakin Azərbaycan tərəfindən axtarışa verilmiş erməni caniləri bir ölkədən o biri ölkəyə sərbəst hərəkət edir, İnterpol və həmin ölkələrin polis sistemi elə bir kor olub, heç nəyi və heç kimi görmür.

Hələ 2007-ci ildə Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş Milli Məclisin iclasında belə bir fikir söylənildi ki, bu cinayət işinin istintaqı ilə bağlı heç bir şəxs İnterpol xətti ilə axtarılmır. Qondarma “Dağlıq Qarabağ Respublikasının” müdafiə naziri vəzifəsində işləyən, 366-cı alayın 2-ci batalyonunun keçmiş komandiri Seyran Ohanyan axtarılmır. Birinci dəfə 2005-ci ildə İnterpola müraciət olunub. 2006-cı il mayın 3-də həmin sənədlər geri qaytarılıb. İkinci dəfə 2007-ci ilin yanvar ayında müraciət olunub. Fevral ayının 6-da İnterpol tərəfindən sənədlər geri qaytarılıb. Fevral ayının 16-da sənədlər təkrarən İnterpolun Bakı bürosuna göndərilib. Bu gün İnterpol xətti ilə Xocalıda və d. işğal olunmuş ərazilərimizdə cinayətlər törətmiş bir nəfər də erməni cinayətkar axtarılmır.

3 iyul 1994–cü ildə Bakı Metropolitenində törədilmiş cinayətin istintaqı üzrə 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol erməni terrorçusu Zori Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan etsə də, İnterpol 2001-ci ildə onu bu siyahıdan çıxarır. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edir. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır.

Bu ilin fevral ayında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xarici İşlər Nazirliyində Xocalı soyqırımına həsr olunmuş brifinqdə bildirib ki, “Qarabağda baş vermiş hadisələrlə bağlı 305 şəxs barəsində cinayət işi başlanıb və beynəlxalq axtarışa verilib. Onlardan 39-u Xocalıda törədilmiş cinayətlə əlaqəli şəxsdir”.

Onun sözlərinə görə, həmin şəxslər barəsində materiallar İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinə göndərilib: “Onların arasında Rusiya və Azərbaycan vətəndaşları da var”. E. Tağıyev onu da bildirib ki, İnterpol soyqırımla bağlı cinayətlərdə siyasi motivlərin olduğunu əsas gətirərək, həmin şəxslərin Azərbaycana verilməsindən imtina edib, digər müraciətlər isə nəticəsiz qalıb.

Ötən ilin payızında Azərbaycan Baş Prokurorluğu tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən ABŞ vətəndaşı olan erməni qumarbaz Den Bilzeryanın beynəlxalq axtarışa verilməsi üçün “İnterpol”a müraciət edilib. Amma nə fayda? ABŞ ədliyyəsi və İnterpol Azərbaycanı dövlət yerinə qoymurlar!

Deməli, ABŞ ədliyyə sistemi və İnterpol üçün bir erməni qumarbazının “hörməti” Azərbaycandan yüksəkdir?!

Beynəlxalq qanunlar elə bizim üçün yazılıb? Nəyə görə biz bu qanunlara mütləq gərək əməl edək, amma digər ölkələr bizim ərazimizdə cinayət törətmiş erməniləri cinayət məsuliyyətindən yayındırmalıdır?

Elə alınır ki, rəsmi Bakının öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dünya gücləri zəiflik, mütilik və nökərçilik kimi anlayırlar. Zəifin, mütinin və nökərin tələblərinə kim məhəl qoyacaq ki?

İndi Azərbaycanın imkanına gözəl şans düşüb ki, Qərb dövlətlərinə öz prinsipiallığını göstərsin! Elə həmin o bədbaxt pakistanlıları müxtəlif bəhanələrlə azad etmək də olar. İnterpol və ya Vaşinqtondan kimsə rəsmi Bakıya müraciət etsə, rəsmi Bakı da milli namus və milli qeyrətindən çıxış edərək deyə bilər ki, “bu pakistanlıları həbs edib aidiyyatı ünvana ekstradisiyası üçün imkanımız yoxdur. Necə ki vaxtilə siz Seyran Ohanyanı, Zori Balayanı, Den Bilzeryanı, işğal altındakı Qarabağda qanunsuz qazıntılar aparan ispan, ingilis və s. ölkə arxeoloqlarını, Qarabağa qanunsuz səfərlər edən Qərb siyasətçilərini həbs etmək və Azərbaycana ekstradisiya üçün imkanınız olmayıb!”.

Əlbəttə, biz belə mövqe nümayiş etdirsək, onda bizim dövlət olduğumuzu görəcəklər, bizə hörmət edəcəklər…

Qarxunlu