Dövlət başçısı: “Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar”

“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar”.

Millətçilik.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir: “Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir”.

“Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır. Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır”, – Prezident İlham Əliyev qeyd edib.