Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərir – YENİLƏNİB-2

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


*** 12:58

Mərakeşin Kralı VI Mohammed də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

“Zati-aliləri.

Əziz Qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimiz arasındakı sıx əməkdaşlığa çox böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm”.


*** 10:40

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”.