DİM sədri: “Qaydaları pozan 48 abituriyentin nəticələri ləğv edilib”

“Aprelin 7, 14, 21 və 28-də keçirilən imtahanlarda ümumilikdə 48 nəfər qayda pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu imtahanlardan sonra aparılan araşdırmalar nəticəsində kommersiya məqsədi ilə fəaliyyət göstərən kurslar və orada repititorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub.

O bildirib ki, müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər.

M.Abbaszadə vurğulayıb ki, ötən il ali təhsil müəssisələrinə qəbul zamanı imtahanda iştirak etməli olan abituriyentin yerinə başqa birinin göndərilməsini təşkil edən (hazırda həmin şəxslərə qarşı cinayət işi açılıb), bu il aprelin 7-də keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə sual kitabçasının fotoşəklinin ilk dəfə paylaşılmasını da hazırlıq kurslarının repititor əməkdaşları təşkil edib.

DİM sədri qeyd edib ki, bu şəxslərin əsas məqsədi daha çox abituriyent kütləsi toplamaqla maddi qazanc əldə etmək olur və abituriyentlərin gələcək taleyi onları maraqlandırmır: “Hazırda nəticələri ləğv olunan abituriyentlər, onların valideynləri kömək göstərilməsi və abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət ediblər. Ancaq nəzərə almaq lazımdır ki, imtahan bir müsabiqədir və burada əsas məqsəd düzgün seçim etmək, daha bilikli şəxslərin müəyyən edilməsidir. Bir iştirakçıya güzəşt edilməsi, digər iştirakçıların hüquqlarının pozulması deməkdir. Ona görə də, müsabiqə iştirakçıları, valideynlər daha da diqqətli olmalı, məsələyə ciddi yanaşmalıdırlar. Qeyri-qanuni metodlara əl atmaq, onlardan istifadə etmək yolverilməzdir. Abituriyentlər və onların yaxınları yalnız biznes məqsədi ilə fəaliyyət göstərən kursların, müəyyən şəxslərin vədlərinə aldanmamalı, özlərinin sui-istifadə olunmasına şərait yaratmamalıdırlar”.