“Dəmirbank”ın keçmiş filial müdiri məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə vəvəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milletcilik.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş şəxslərin nümayəndəsi bildirib ki, vurulmuş ziyan 3 milyon manatdan çoxdur və F. Rəşadətli cinayət törətmədiyini deyir.

O bildirib ki, istintaq orqanı onun heç bir əmlakı olmadığını müəyyən edib. Nümayəndə deyib ki, zamində olan F. Rəşadətli barəsində həbs qətimkan tədbiri seçilməlidir.

F. Rəşadətlinin vəkili Rəşad Mirmehdizadə də çıxış edib. Xahiş edib ki, vəsatət təmin edilməsin. Vəkil vəsatət verərək işin yenidən istintaq orqanına qaytarılmasını istəyib. Zərərçəkmiş 4 nəfərin nümayəndəsi isə işin geri qaytarılmamasını xahiş edib.

Prokuror Fərid Nağıyev çıxışında işin geri qaytarılmaması, F. Rəşadətli barəsində həbs qətimkan tədbirinin seçilməməsini istəyib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə F. Rəşadətli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. F. Rəşadətli məhkəmə zalında həbs edilib.

Prosesin baxış iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, F. Rəşadətli “Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub.

F. Rəşadətli mənimsəmə, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.