Çingiz Qənizadə “Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib.

Milletcilik.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Ç. Qənizadə bildirib ki, ölkənin iri şəhərlərində polis orqanlarında müstəntiqlərinin sayı azdır.

“Araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur.  İşlərin sayının çoxluğu müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrin əlavə 3-4  polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına  ehtiyac var”, – deyə deputat vurğulayıb.
Ç. Qənizadə eyni zamanda, ölkədə dəmiryol sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə əlavə vəsaitin ayrılmasını təklif edib: “Biz gələcəkdə Bakıətrafı dəmiryol sistemini bərpa edib, paytaxtda avtomobil tıxacının qarşısını almaq istəyiriksə, o zaman bu sahəyə əlavə vəsait ayırmalıyıq. Bu, təkcə paytaxta tıxacın aradan qaldırılması baxımından deyil, eyni zamanda ekoloji cəhətdən effekt verəcək. Bununla belə respublikanın digər dəmiryol sisteminin və parkının yenilənməsi üçün  əlavə  vəsaitə ehtiyac var”.
Deputat bazarda qiymət artımına da etiraz edərək, bu sahəyə nəzarətin artırılmasını təklif edib.
Ç. Qənizadə qeyd edib ki, Bakı-Astara dəmiryol xəttinin Lənkəran-Astaradan keçən hissəsinin təqribən 40 km. məsafəsi dənizə çox yaxın keçir ki, bu da turizmin inkişafına mane olur: “Ona görə də gələcəkdə bu yolun dənizdən bir az kənardan keçirilməsi üçün  müvafiq dövlət qurumları müəyyən işlər görməlidir”.