Çindən Azərbaycana daha bir blok qatarı çatır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Millətçilik.az-a verdiyi məlumata görə,Çindən Azərbaycana daha bir blok qatarı çatır.

Yaxın günlərdə Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatacaq. Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” fider gəmisi ilə Ələt limanına yola salınacaq.

Layihə  bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid  Qurbanovun iştirakı ilə qurumun  törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət  2019-cu ildə 30  konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.