“Çalışmalıyıq ki, pis insanlar kimlərinsə tapşırığı ilə cəmiyyəti zəhərləməsinlər”

“Son vaxtlar Cavid Qurbanov haqqında xoş olmayan məlumatlar yayılır. Hesab edirəm ki, bu məlumatların heç birinin əsası yoxdur. Cavid Qurbanov 3 dəfə Milli Məclisin deputatı olub. Onun Kəlbəcər camaatı üçün nə işlər gördüyünü mən bilirəm”.

AZİM.AZ xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova qarşı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Parlamentarinin sözlərinə görə, Cavid Qurbanov xeyirxah missiyasını bu gün də davam etdirir:

“İstər tələbə adını qazanmış gənclərimizə, istərsə də digər ehtiyacı olan vətəndaşlarımıza yardımlar edib. Eyni zamanda, Cavid Qurbanov xeyirxah işlərini bu gün də davam etdirir. Biz yaxşı işlərə kölgə salan insanların sayının artmasına yol verməməliyik. Çalışmalıyıq ki, pis insanlar cəmiyyəti zəhərləməsinlər”.

Aqil Məmmədov bu cür informasiyaların kimlərinsə şəxsi maraqlarından qaynaqlandığını qeyd edib:

“Cavid Qurbanovun “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətində işlədiyi zamanlarda da fəaliyyəti göz önündə olub. Niyə görə bir şəxsin gördüyü işlərə ləkə yaxılır?! Bunun da bir səbəbi var. Bu da kimlərinsə öz maraqlarını həyata keçirmək cəhdidir. Kimlərinsə tapşırığı ilə icra olunan məsələlərdir. Hər birimiz ləkə yaxan insanlara kəskin formada öz mövqeyimizi bildirməliyik. Bildirməliyik ki, belə hallar çoxalmasın”.