Bu il Azərbaycanda 3642 zəlzələ olub

Keçən illə müqayisədə zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb
Bu il ərzində 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən Milletcilik.az-a verilən məlumata görə, bunu bu gün RSXM-in baş direktoru Qurban Yetirmişli AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclasında RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair təqdim etdiyi illik hesabatda bildirilib.

Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 78 zəlzələ qeydə alınıb və onlardan 26 hiss olunan zəlzələlərdir. 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb. 2016-cı ildə Azərbaycan ərazisində zəlzələlərin sayı 4528, ən yüksək maqnituda 5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ən yüksək maqnituda 5.7 olub.

Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqədardır.