BU CİNAYƏT CƏZASIZ QALMAMALIDIR!

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da Azərbaycan iqtisadiyyatı barədə danışarkən, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və Cudi Çu 3 gün öncə oktyabrın 1-də hərbi helikopterlə işğal olunmuş Qarabağa gəliblər.

TƏXRİBAT GÖZLƏNİLMƏZ DEYİLDİ

Hələ bu ilin mart ayında ermənipərəst konqresmen Frank Pallone yerli erməni diasporuna şikayət edib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən şəxslərə məhdudiyyətlər tətbiq edir.

“Biz ilk növbədə, Qarabağa getmək üçün ABŞ-a məxsus nəqliyyat vasitələrindən istifadə edə bilmirik. Bundan başqa, Dövlət Departamenti bizə tez-tez ora getməyin təhlükəli olması barədə xəbərdarlıq edir. Onlar bu səfərlərin ciddi neqativ effektə malik olacağını, bizim Azərbaycanın “qara siyahı”sına düşəcəyimizi xatırladırlar”.

 Pallone ermənipərəst konqresmenlərin Dövlət Deparatamentinin Qarabağa səfərləri məhdudlaşdıran sənədini ləğv  etməyə çalışdıqlarını da bildirib.

Bu ilin avqustunda ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Frenk Pallone sentyabr ayında Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı açıqlama vermişdi. İsraildə olan konqresmen Qüdsün erməni patriarxı Nurxan Manukyanla görüşdə bu haqda məlumat verib.

“Sentyabr ayında Ermənistanı və Artsaxı (red-Dağlıq Qarabağ) müstəqillik günü münasibətilə ziyarət etmək istəyirəm. Bu Konqresin Nümayəndələr Palatası üçün Ermənistan-ABŞ yaxınlaşmasına nail olmaq üçün gözəl fürsət olacaq”.

Bu il sentyabrın 18-də ABŞ Konqresinin Nümayəndələr palatasının ermənilərə qulluq edən üç üzvü-Ceki Spir-Kançelyan, Cudi Çu və Frenk Pallone Ermənistana oktyabrın 1-də nəzərdə tutulmuş bir həftəlik səfərləri çərçivəsində o cümlədən işğal altındakı Dağlıq Qarabağa baş çəkməyə hazırlaşır.

Bu haqda konqresmen Cudi Çi Konqresdə Amerika Erməni Assambleyası tərəfindən təşkil edilmiş tədbir zamanı deyib.

Cudi Çi konqresmenlər Ed Roys və Frenk Engel tərəfindən bir neçə il əvvəl irəli sürülən, guya təmas xəttində gərginliyi azaltmağa hesablanan və Azərbaycanın rədd etdiyi təkliflərin dəstəklənməsi üçün Dağlıq Qarabağdakı qondarma rejimə 4 milyon dollar ayrılması təşəbbüsünün müəllifidir. Həmin təşəbbüs bir ay əvvəl Nümayəndələr palatasında səs çoxluğu ilə qəbul edilib. Roys-Engel təşəbbüsünə əsasən təmas xəttindən snayperlər və ağır silahlar geri çəkilməli, atəşkəsin monitorinqini aparan müşahidəçilərin sayı artırılması, təmas xəttinə hər hansı yeni silahların yerləşdirilməsindən imtina edilməlidir.

Konqresmen Cudi Çinin təşəbbüsünə əsasən həmin 4 milyon dollar təmas xətti boyu  xüsusi avadanlıqların yerləşdirilməsinə sərf olunmalıdır ki, atəşkəs rejimini kimin pozduğunu müəyyənləşdirməyə kömək etsin. Yəni söhbət əslində ermənilərə videomüşahidə qurğularının, teplovizorların alınıb verilməsindən gedir ki, işğalçı qüvvələrin belə qurğulara son illərə qədər çox ciddi ehtiyacı vardı.

Konqresmen Cudi Çi habelə Dağlıq Qarabağdakı qondarma rejimə 6 milyon dollar birbaşa ABŞ yardımının ayrılmasına çalışır. Konqresmen Frenk Pallone isə deyib ki, Ermənistana “məxməri inqilabdan” sonra ilk səfərləri olacaq və burada məqsəd yeni hökumətə dəstək verməkdir. Ermənipərəst Pallonenin sözlərinə görə, Dövlət Departamenti onlara səfər zamanı Dağlıq Qarabağa baş çəkməkdən çəkinməyi tövsiyə edib.Amma nümayəndə heyəti bu səfəri etməyi qərara alıb.

 Sentyabrın 27-də ABŞ Konqresindəki Erməni Məsələləri Komitəsi, ABŞ Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Mark Esperə məktub göndərərək, Azərbaycana hərbi yardımın artmasından və Ermənistanla Azərbaycan arasında paritetin pozulmasından narahatlığını ifadə etmişdi.

Oktyabrın 1-də hərbi helikopterlə işğal olunmuş ərazilərə gələn ABŞ konqresmenləri barədə Amerikanın Erməni Milli Komitəsi öz Twitter hesabında belə bir məlumat yayıb: “Frank Pallone, ABŞ və “DQR”  arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün “hökumət” rəsmiləri ilə görüşəcək”.

İşğalçı rejimin başçısı Saakyan görünür ki, ABŞ konqresmenləri ilə görüşdə Pallonenin ermənilərin işğallarını və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini dəstəklədiyinə və Pallonenin irqçi, anti-türk və anti-islamçı mövqeyinə görə ABŞ konqresmeninə öz minnətdarlığını bildirmişdir.

XİN-İMİZİN ÇOX CƏSARƏTLİ VƏ PRİNSİPİAL BƏYANATI

Azərbaycanın hava məkanını da kobud sürətdə pozan konqresmenin Dağlıq Qarabağa qanunsuz səfərinə Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyinin mətbuat katibi  Leyla Abdullayeva səfərlə bağlı danışarkən Frank Pallonenin adının artıq “qara siyahı”da olduğunu bildirib:

“Ermənistan KİV-də yayılmış məlumatlardan göründüyü kimi, söhbət ermənipərəst mövqeyi ilə tanınan Frank Pallonedən gedir. Hansı ki, bu şəxsin adı 2017-ci ildən etibarən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən xarici dövlət vətəndaşlarının siyahısındadır”.

XİN  rəsmisi  bildirib ki, bu cür məsələlərdə Azərbaycanın mövqeyi dəyişilməzdir:

“Təəssüf ki, belə qanunsuz səfərlər ermənipərəst qüvvələr tərəfindən həyata keçirilir. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizə Azərbaycan hökumətinin icazəsi olmadan səfər edən hər hansı xarici ölkə vətəndaşı həmin siyahıya daxil edilir və ölkəmizə girişi məhdudlaşır”.

XİN sözçüsü bundan əvvəl Kiprdən, Fransadan olan şəxslərin Qarabağa etdikləri səfərlərdən də söz açıb:

“Fransadan Qarabağa səfər edənlər adları “qara siyahı”da olanlar idi. Kiprlə isə Azərbaycanın diplomatik münasibətləri yoxdur. Təbii ki, sonradan o şəxslərin adı “qara siyahı”ya salınır və növbəti dəfə Azərbaycana gəlmək istədikdə bu,  əngəllənir. Ümumilikdə hər bir xarici ölkə vətəndaşına eyni siyasət şamil olunur. Azərbaycan qanunvericiliyini pozaraq işğal olunmuş ərazilərimizə icazəsiz səfər edən hər bir şəxs siyahıya salınır”.

CAVABSIZ SUALLAR

Əlbəttə, biz Azərbaycan XİN-in bu cür cəsarətli, prinsipial, vətənpərvər, igid mövqeyini dəstəkləyirik. Çünki bizim XİN səlahiyyətləri çərçivəsində yalnız bəyanat verə bilər və hansısa ermənipərəst siyasətçini “qara siyahıya” sala bilər. Amma niyə digər dövlət orqanları bu cür məsələyə lazımi reaksiyanı vermirlər. Məsələn, necə olur ki, Azərbaycanın hava məkanının suverenliyini erməni helikopteri pozur? “Azərbaycan səması tam nəzarətimizdədir” – deyən bizim Müdafiə Nazirliyi düşmənin istənilən hava nəqliyyat vasitəsini vura bilmir?

Azərbaycan Respublikası Prokurorluğu niyə Pallone və d. Azərbaycan ərazisinə qanunsuz daxil olan, erməni işğalçılarını dəstəkləyən hər hansı birisinə qarşı cinayət işi qaldırmır? Bu cinayətkarları İnterpol xətti ilə beynəlxalq axtarışa vermir? Doğrudur, İnterpol Azərbaycan dövlətini saya almır, açıq anti-türk, ermənipərəst, xristianpərəst irqçi mövqe tutub və erməni terrorunu dəstəkləməkdədir. Amma bizim Prokuroluğumuz üzərinə düşən işi etməlidir, axı! Çünki cinayət baş verib!

BİZİM MÖVQE

Anlaşılan məsələdir ki, Pallone və digər amerikalı ermənipərəstlər ilk növbədə ermənilərin pulunu işləyirlər, ucuz barda müştərinin sifarişi ilə rəqs edən əxlaqsız kimi! Amma sözsüz ki, onlar arasında xristian təəssübkeşliyinə, Türklüyə və islama nifrətə, ari irqçiliyinə görə ermənilərə qoşulanlar da var.

İlk növbədə, bu ermənipərəstlər İnterpol xətti ilə axtarışa verilməlidirlər. Pallonenin Qarabağa səfərinin, oradakı görüşlərinin foto və video çəkilişləri, məlumatlar var. Yəni, hüquqi cəhətdən buna zəmin var. Doğrudur, Azərbaycan dövlətini daim alçaldan və saya almayan İnterpol kimi təşkilat Palloneni həbs edən deyil. Amma onu və ətrafını yaman əsəbi edə bilər. Üstəlik, Palloneni müdafiə edən onun tərəfdarları hay-küy salacaq. Bu məqamda ABŞ-dakı diasporumuz (əgər bu varsa?) və ya diplomatlarımız ABŞ KİV-ində elə incə açıqlamalar verə bilərlər ki, bu da Amerika informasiya məkanında Qarabağda soyqırım törətmiş, rus hərbi kəşfiyyatına xidmət edən erməniləri ari irqçiliynə, islamofobiyaya görə müdafiə edən  Pallone barədə mənfi imic yarada bilər.

İkinci tədbir kimi, bizim aidiyyatı məmurlarımız Əfqanıstana bizim “Nasosnıdan” keçən ABŞ hərbi daşımalarına yüngülcə maneələr törədə bilərlər. ABŞ tərəfi suallar versə, demək olar ki, “cavabı Pallonedən və d. ermənipərəst konqresmenlərinizdən alın”.

Üçüncü tədbir kimi, biz ABŞ tərəfini bir qədər qıcıqlandırmalıyıq. Qoy, bizim tanınan adamlarımızdan biri, məsələn, hər hansı deputat xaricdə və ya elə parlamentdə çıxışında Vaşinqtonu qıcıqlandıran fikir bildirsin: “Pallonenin səfəri göstərdi ki,  Azərbaycan öz ərazisində rus qoşunlarını yerləşdirməli, KTMT və Şanxay Əməkdaşlığı Təşkilatının üzvü olmalıdır”. Qoy, Vaşinqton bir az narahatlıq keçirsin, əl-ayağa düşsün…

Dördüncü tədbir kimi, bundan sonra Qarabağ üzərində peyda olmuş bütün uçuş nəqliyyatlarını vurmaqdır. Axı, bizim bəzi tanınan adamlarımız bildirir ki, Qarabağ üzərində səmaya Azərbaycan ordusu nəzarət edir. Deməli, elə çıxır ki, Qarabağ səması üzərində ordumuzun nəzarəti ya zəifdir, ya da…

Pallonenin işğal edilmiş torpaqlarımıza gəlməsi Azərbaycan Dövləti, Azərbaycan xalqı və Azərbaycan hakimiyyəti üçün açıq təhqirdir, Azərbaycan Dövləti, Azərbaycan xalqı və Azərbaycan hakimiyyətinə meydan oxumaqdır! Bunu cavabsız qoymaq olmaz!

Qarxunlu

“Millətçilik” qəzeti