BÖLGƏDƏ YENİ SƏRHƏDLƏR CIZILDI

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ABŞ-ın vitse-prezidenti Maykl Penslə oktyabrın 17-də apardığı danışıqların nəticəsinə görə 5 günlük atəşkəs elan olundu. Türkiyə “Barış pınarı” əməliyyatını durdurdu. Bununla da Türkiyə PKK qüvvələrinin 30 kilometrlik “təhlükəsizlik zonasından” çıxmasına icazə verdi.  Oktyabrın 22-də bu müddət bitdi. Faktiki olaraq bu, Türkiyənin hərbi və siyasi qələbəsi idi.

PKK-a yeni “sahib” axtarışında

PKK/YPG, şiddətli müqavimət göstərməsinə baxmayaraq Türk Ordusu qarşısında duruş gətirməyə qadir deyildi. PKK-ya heç ABŞ-ın verdiyi silahlar da kömək etmədi. Həm də hava məkanı bütünlüklə Türkiyə hərbi aviasiyası tərəfindən nəzarətdə idi. Türkiyə qəti bildirmişdi ki, əgər PKK qüvvələri vaxtında göstərilən zonadan çıxmasa, hərbi əməliyyatları bərpa edəcək.

Suriyada xaos başlayanda PKK/YPG İraqdakı komandanlığının birbaşa idarəsi altında ABŞ-ın tərəfinə keçdi. Bəşər Əsəd kürdlərə Suriyanın şimalında böyük muxtaruyyət vəd etmişdi. Amma PKK-çılar ermənipərəst Əsəd rejimi ilə münaqişəyə girməsələr də əsas qüvvələrini İŞİD-lə mübarizəyə yönəltdilər.

İŞİD ilə mübarizədə faktiki olaraq Əsəd rejimi PKK-çılara heç bir silah yardımı etmədi. Amma onlara mane də olmadı. PKK/YPG-nin yeni ağası olan ABŞ-ın  zabitləri onları təlimatlandırır və İŞİD-lə mübarizədə ABŞ Hərbi Hava Qüvvələri onları göydən müdafiə edirdirlər. Tez bir zamanda amerikalıların dəstəyi ilə PKK Suriyanın şimalını İŞİD-çilərdən təmizlədi. Faktiki PKK kürdlərin yaşadığı ərazilərdən 3 dəfə böyük olan və ərəblərin çoxluq təşkil etdiyi böyük bir bölgəyə nəzarəti öz üzərinə götürdü. Əsədin neytral münasibətinə və kürdlərə böyük muxtar hüquqlar vədinə PKK  artıq məhəl qoymurdu. Çünki, ABŞ –ın dəstəyi ilə daha böyük ərazilər əldə etmiş və Suriya ərazisində “müstəqil kürdüstan”ın bir hissəsini yaratmaq şansı ələ düşmüşdü.

Hələ az qala 40-cı illərdən SSRİ ilə siyasi münasibətlər yaratmış kürd liderlərindən etibarən Abdulla Öcalanın həbsinə qədər “kürdüstançıların” Moskva ilə münasibətləri çox güclü idi. Amma Birinci Körfəz Müharibəsindən etibarən müxtəlif kürd qruplaşmaları bir-birinin ardınca ABŞ-Qərb blokuna sığınmağa başladılar.

Suriya SSRİ dağılana qədər bütünlüklə Moskvanın himayəsində idi, anti-türk ASALA və PKK–nın müttəfiqi rolunu oynayırdı. Sözsüz ki, Suriya ermənilərinin və kürdlərinin siyasi-hərbi qüvvələri sovet KQB-si ilə sıx əlaqədə idilər.

Amma “Ərəb Baharı” siyasi düzümü dəyişdi. Suriya erməniləri yenə də Moskva-Tehran–Bəşər Əsəd siyasi cinahında yer tutdular, İraq kürdlərindən nümunə götürən Suriya kürdləri isə, ABŞ—Qərbin tərəfinə keçdilər. Son dövrlərə qədər Moskva ilə suriyalı PKK/YPG-nin münasibətləri çox soyumuşdu.

“Barış Pinarı” başlayan kimi ABŞ gurultulu bəyanatlarla Ankaranı müxtəlif günahlarda ittiham etməyə başladı. Amma Vaşinqton çox tez bir zamanda PKK/YPG liderlərini anlatdı ki, artıq amerikalılar bölgəni tərk edirlər. Beləliklə, ABŞ-Qərb bir tərəfdən Türkiyəyə qarşı sansksiyalar tətbiq edir, gerçəklikdə isə PKK-çıları Türk Ordusu qarşısında tək buraxdılar. ABŞ-ın vitse-prezidenti Maykl Pens birbaşa kürdlərə bildirdi ki, onlar Türkiyənin tələb etdiyi ərazilərdən çıxsınlar. Əks-təqdirdə, Türk Ordusunun PKK-nı əzməsinə Pentaqon maneə törətməyəcək.

Göstərilən ərazidə ABŞ  hərbçiləri öz bazalarını sürətlə tərk etməyə başladılar. Onlara indiyə qədər “ağa”, “xilaskarlarımız”, “sahiblərimiz” deyən kürdlər bölgəni tərk edən amerikalıların karvanını söyüş, yumurta, kartof və daş atəşinə tuturdular.

ABŞ və Qərb (əsasən Fransa) simasında ağalarını itirmiş PKK-çılar köhnə ağalarının yanına süründülər. Bu da ermənipərəst Əsəd və əsas köhnə ağa —  Moskva idi. Beləliklə, PKK/YPG-nin “müstəqil kürdüstan” xülyası həmin ölkəni tərk edən sonuncu ABŞ əsgərinin çəkməsinə yapışaraq puç oldu. Hal-hazırda Türkiyənin yaratdığı zolağın sərhədində Türk Ordusu ilə rus təyyarələrinin himayəsi və rus hərbi təlimçilərinin  idarəsi altında olan əsədçi-irançı-erməni qüvvələri durur.

Ərdoganın Soçi səfəri

Bir çoxları Suriyada baş verən son hadisələrdə ABŞ prezidenti Trampı səriştəsizlikdə ittiham edirlər. Amma əslində burada ABŞ strateji siyasətinin incə gedişi göz qarşısındadır. ABŞ, müharibədən (bəlkə də özünün başlatdığı) çıxaraq onu yeni müharibə ocağına çevirmək niyyətində idi. Bu müharibədə bir tərəfdən Türkiyə, digər tərəfdən isə, Rusiya və onun əsədçilərdən, irançılardan, ermənilərdən və PKK-çılardan ibarət əlaltıları qarşı-qarşıya gəlməli idi. Beləliklə, əslində bu müharibə Türkiyə ilə Rusiya-İran bloku arasında baş verməli  idi. Bunu Ərdogan və Putin də anlayırdı. Ona görə də Soçi görüşü faktiki, ABŞ-ın və Qərbin planlarını pozdu.

Soçi səfəri ərəfəsində Ərdoğan verdiyi açıqlamada bildirdi ki, Putinlə razılaşma alınmasa, onda Ankara öz planlarını gerçəkləşdirəcək.

Faktiki Soçi görüşündə Rusiya və Türkiyə prezidentlərinin əldə etdikləri nəticələrin yalnız bir qismi barədə rəsmi açıqlamalar verilmişdi.

Rusiyalı politoloq Yevgeni Ben Soçi görüşünü şərh edərək göstərdi ki,  Soçidə Putinlə Ərdoğan arasında imzalanmış memoranduma görə, oktyabrın 23-ü saat 12:00-dan Türkiyənin yaratdığı “təhlükəsiz zonasının” sərhədində Rusiya hərbi polisi və Suriyanın sərhəd xidməti qüvvələri yerləşdiriləcək. Hətta Putin zəng edərək Ərdoğanla əldə etdiyi razılığın şərtlərini Bəşər Əsədə bildirdi. Ölkəsini öz ağılsızlığı ucbatından viran etmiş, Rusiya və qismən İrandan asılı duruma düşmüş Əsəd isə, yalnız bu razılaşmanı qəbul etdiyini bildirmək məcburiyyətində idi.

Aydındır ki, Türkiyə və Rusiya prezidentləri arasında bazarlaşma getmişdir. Türkiyənin öz sərhədləri boyunca 30 km-lik təhlükəsizlik zonasının yaradılması və tərəflərin atəşkəsi saxlaması müqabilində Ankaranın Rusiyanın irəli sürdüyü hansı şərtlərə razı olması bizə məlum deyil.

Analitiklər müxtəlif fikirlər irəli sürürlər. Məsələn, Rusiya ilə Türkiyə arasında ticarətdə ABŞ dollarından imtina, iki ölkə arasında  xüsusi kart sisteminin yaradılması, Rusiyanın silahlarının Türkiyə tərəfindən satın alınması və s. Hər halda Türkiyənin Rusiya ilə mümkün münaqişənin qarşısının alınması Qərb üçün gözlənilməz oldu. Hal-hazırda biz Türkiyənin öz istəyinə nail oldugunun şahidiyik. Aydın məsələdir ki, Qərb Türkiyəyə münasibətdə ikili mövqe nümayiş etdirəcək. Bir tərəfdən Türkiyəni öz cinahlarına tərəf çəkməyə, digər tərəfdən Rusiya ilə Türkiyə arasında münaqişəni yaratmağa cəhdlər edəcək.

Məsələn, üç gün öncə ABŞ dövlət katibi Maykl Pompeo hətta Türkiyəyə hədə-qorxu da gəldi. Pompeo bəyan etdi ki, ABŞ yeri gəlsə, Türkiyəyə qarşı hərbi qüvvədən istifadə də edə bilər. Amma bir neçə gün sonra Pentaqon rəsmiləri tam əks bəyanat verdilər ki, Türkiyəyə qarşı ABŞ-ın hərbi qüvvə tətbiq etməsi istisnadır. Türkiyəyə qarşı nəzərdə tutulmuş iqtisadi sanksiyalara da ABŞ xitam verdi.

İran da Rusiya ilə Türkiyə arasında razılaşmanı bəyənməyə məcburdur. Ərəb ölkələri Liqasının Türkiyəyə qarşı olan bəyanatları isə, “boğazdan yuxarı” deyilmiş söz yığnağı idi. Çünki Səudiyyə Ərəbistanı ətrafında birləşmiş ərəb dövlətləri heç də Suriyaya birmənalı münasibət bəsləmirlər. Onların gözündə Bəşər Əsəd rejimi İranın şiə vassalına çevrilib.

Bizim gözləntilərimiz

Əlbəttə, Türkiyənin Suriya münaqişəsində bu qədər cəsarətli addımları və öz məqsədlərinə nail olması bizi ürəkləndirir. Çünki, SSRİ dövründə sadəcə ABŞ-ın forpost rolunu oynayan Türkiyə hazırda dünyanın aparıcı dövlətlərini bölgədə öz maraqları və gücü ilə hesablaşmağa məcbur edən geopolitik mərkəzə çevrilməkdədir.

Amma hal-hazırda Rusiya ilə Türkiyənin bu qədər yaxınlaşması Qarabağ məsələsinin həllini də uzadacaq. Belə ki, Türkiyə Rusiyanın nüfuz dairəsində olan Qarabağ münaqişəsinə fəal müdaxilə etməyəcək. Çünki, Soçidə uzun müddətə Türkiyə ilə Rusiya arasında siyasi təsir dairələrinin sərhədləri cızılmışdır.

Qarxunlu

“Millətçilik” qəzeti