BMT Baş katibi: “Dünyada 262 milyon uşaq, yeniyetmə və gənc məktəbə getmir”

BMT Baş katibi Antonio Guterres Beynəlxalq Təhsil Günü ilə bağlı müraciət ünvanlayıb.

“Report”un xəbərinə görə, müraciətdə deyilir:

“Bu gün biz ilk dəfə Beynəlxalq Təhsil Gününü qeyd edirik. Təhsil həyatları dəyişir. Birləşmiş Millətlər Təşkilatının Sülh elçisi Malala Yusufzayın da dediyi kimi: “bir şagird, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər”. Nelson Mandela da haqlı olaraq təhsili “dünyanı dəyişmək üçün istifadə edəcəyimiz ən güclü silah” adlandırıb.

BMT-dəki fəaliyyətimdən və öz ölkəmdə dövlət rəsmisi kimi çalışdığım zamanlardan da əvvəl mən müəllim olmuşam. Lissabonun kasıb məhəllələrində təhsilin yoxsulluğu aradan qaldırmaq üçün vasitə, sülh və əmin-amanlığı qorumaq üçün dəstək olduğunu gördüm.

Bu gün təhsil Dayanıqlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır. Bərabərsizliklərin azaldılması və səhiyyənin inkişafı üçün təhsilə ehtiyacımız var. Gender bərabərliyinə nail olmaq və uşaq nikahlarını aradan qaldırmaq üçün təhsilə ehtiyacımız var.

Planetimizin sərvətlərini qorumaq üçün təhsilə ehtiyacımız var. Nifrət nitqi, ksenofobiya və dözümsüzlüyə qarşı vuruşmaq və qlobal vətandaşlıq anlayışını inkişaf etdirmək üçün təhsilə ehtiyac duyuruq.

Əksəriyyəti qız olmaqla hələ də ən azı 262 milyon uşaq, yeniyetmə və gənc məktəbə getmir. Məktəbə gedən daha milyonlarla insan isə ibtidai biliklərə sahib deyil.

Bu, onların təhsil hüququnun pozuntusudur. Dünya 21-ci əsr iqtisadiyyatında rəqabətə davamlı bacarıqları olmayan uşaq və gənclərdən ibarət nəsli özünə rəva verə bilməz. Nə də ki, biz bəşəriyyətin yarısının təhsildən kənar qalmasına rəva verə bilərik.

Hər kəs üçün inklüziv və bərabər keyfiyyətli təhsilin təmini və həyat boyu öyrənmə imkanlarını təşviq edən 4-cü Dayanıqlı İnkişaf Məqsədinə çatmaq naminə daha çox çalışmalıyıq.

Təhsil həmçinin, nəsillərarası yoxsulluq fərqini aradan qaldıra bilər. Tədqiqatlar göstərir ki, bütün qız və oğlanlar orta təhsili tamamlasa, 420 milyon insan yoxsulluqdan qurtula bilər.

Gəlin, təhsili ortaq faydamız kimi prioritetləşdirək. Onu, əməkdaşlıq, tərəfdaşlıq və maliyyələşdirmə yolu ilə dəstəkləyək və qəbul edək ki, heç kəsi kənarda qoymamaq məqsədinə nail olmaq üçün təhsildən başlamalıyıq” .