BATUMİDƏN REPORTAJ-FOTO

BATUMİ – Acariyanın paytaxtı və Gürcütan Respublikasının Qara Dəniz sahillərində yerləşən liman şəhəridir. Əhalisinin sayı 153 minə yaxındır.
Rütubətlilik 94 faiz təşkil edir.
Bu da tərifi yerə-göyə sığmayan Batumi şəhəri….Qonşu Gürcüstan Respublikasının
ən məşhur turistik şəhəri…
Əvvəla onu qeyd edim ki, Azərbaycandan birbaşa Batumiyə qatar işləmir. Amma
birbaşa avtobus var. Biz də qatarla Tbilisiyə, sonra ordan Batumiyə getməkdənsə,
birbaşa Bakı-Batumi avtobus reysini seçdik. Amma deyim ki, çox peşiman olduq.
17 saat yol getmək bizi nəyi var yordu və biz bir də avtobusla uzaq yola
çıxmamağı qərara aldıq… Bakıdan Tbilisiyə, oradan da qatarla Batumiyə getmək
avtobusla getməkdən çox-çox rahatdır.

GÜRCÜSTAN …
Iyulun 31-də axşam saat 8:00 –də birbaşa Bakı-Batumi avtobus reysi ilə
Azərbaycan-Gürcüstan gömrüyünü keçib Gürcüstan ərazisinə daxil olduq.
Sərhəddə heç bir maneə ilə qarşılaşmadıq. Avqustun 1-də gecə saat 3:00 radələri
olduğu üçün növbə az idi. Sərhəddi keçib Tbilisi ilə irəliləyən avtobus səhər saat
11 radələrində Batumiyə çatdı. Bizi Batumi Dövlət Universitetinin koordinatoru
Marina xanım qarşıladı və bizim üçün ayrılan evə apardı.
Onu qeyd edim ki, Batumi şəhəri balaca şəhərdir, köhnə sovet dövründən qalma
binalarla yanaşı, yeni göydələnlər də tikilir. Şəhərdə tikinti bumu hiss olunur.
Orada da Bakıdakı kimi köhnə məhəllələr sökülür və yerində yeni 16 mərtəbəli
binalar tikilir.
Batumi liman və çimərlik şəhəri kimi turistlərin diqqətini hər zaman cəlb edib.
Statistik məlumatlara görə, hər il bu balaca şəhərə 3 milyona yaxın turist gəlir. Elə
yerli əhalinin də gəliri məhz turizm sahəsindəndir.

DAŞLARLA DOLU BATUMİ ÇİMƏRLİYİ

Batuminin bulvarı və çimərliyi eyni yerdədir. Bakı bulvarı kimi böyük bulvarı var
və plyaj da elə orada yerləşir. Plyaj açıqdır, giriş pulsuzdur, kim hansı vaxtda
istəyirsə, dənizə girə bilir.
Amma…
Batuminin çimərliyi Novxanı çimərliyini görməyənlər çimərlik sayıla bilər. Çünki,
Qara Dənizin Batumidə olan sahili bütünlüklə daşlıqdır, qrabil daşlardan dənizə
girmək sadəcə mümkün deyil. Bundan əlavə, 1-2 metrə dənizə girən kimi sanki
quyuya düşürsən. Daşlar da adamı içəri dartır. Daşlarda yerimək üçün isə xüsusi
rezin ayaqqabılar satılır. Yalnız o ayaqqabılarla dənizə girmək mümkündür.
Batumi şəhəri haqda onu deyim ki, şəhər balaca olduğu üçün bu başından o biri
başına piyada getmək olur. Şəhərdə avtobus az gözə dəyir. Hamı piyada gəzintiyə
üstünlük verir.

TAKSİ XİDMƏTLƏRİ

Batumiyə ilk dəfə gedirsinizsə, nəbadə küçədən taksi tutasız. Taksilər 5 dəqiqəlik
yolu turistlərə 5 qat baha aparır. Amma taksi servislərinə zəng vurub sifariş edəndə
çox cüzi pulla xidmətdən istifadə etmək olur. Məsələn, əgər yoldan tutduğun taksi
sürücüsü ilə qiyməti 15 laridən 12 lariyə (13 manat 50 qəpikdən 11 manata )
endirirsənsə, sifariş etdiyin taksi həmin yol üçün 5 lari (3 manat 50 qəpik) alacaq.
Ona görə də yoldan taksi tutmaq məsləhətli deyil. Biz 1 dəfə o səhvi etdik amma…
Batumidə yay fəslində kirayə mənzillərin qiyməti çox baha olur. Bu, xüsusən də
şəhərin mərkəzinə aid olan yerlərdə belədir. Kirayə evləri yeni tikilən 16 mərtəbəli
binalardan tutmuş, ta köhnə “Xruşşovka”lardan da tapmaq olar. Gürcüstanda
xristian gürcülərlə bərabər müsəlman acarlar da yaşadığı üçün bəzi evlərdə çoxlu
ikonalara, bəzilərində isə nə ikona, nə də güzgüyə rast gəlmək olmur. Müsəlman
acarların dini etiqadına görə, evdə güzgü saxlamaq günahdır. Ona görə də bizim
qaldığımız mənzildə güzgü yox idi.

OTELLƏR
Batumidə diqqəti ən çox cəlb edən üç məsələ var. 1-cisi, şəhər başdan-başa kiçik
otellərlə doludur. Hər addımbaşı otelə rast gəlmək mümkündür ki, bu da şəhərə
gələn qonaqlar üçün yaradılmış rahatlıqdır.

2-cisi Batumidə qırmızı rənglə rənglənmiş velosiped yoluna rast gəlmək olur ki, o
yolla da ancaq velosipedçilər hərəkət edir.
3-cüsü şəhərin müxtəlif rəngli işıqlarla işıqlanmasıdır. Yüksək dizaynla işıqlanmış
binalar, müxtəlif arxitektur binaları, ağaclar və küçələr hamısı rəngbərəng işıqlara
bürünüb. Şəhər sanki rəngbərəng işıqlardan yaranıb. Ümumiyyətlə, rəngarəng
işıqlara xüsusi önəm verilir.

BATUMİDƏ KAZİNOLAR
Şəhərdə kazinolar fəaliyyət göstərir və turistləri cəlb etmək üçün əllərindən gələni
edirlər. Bir də çoxlu sayda fəaliyyət göstərən massaj salonlarında əsasən əcnəbi
millətlərdən olanlar çalışır.

 

GƏMİ GƏZİNTİSİ

Batumidə bulvarda çoxlu sayda kiçik gəmilər, katerlər və yaxtalar turistlər üçün
dəniz gəzintisi təşkil edir. Amma bizim diqqətimizi başqa məsələ cəlb etdi. Orada
gəmilərə turistləri cəlb etmək üçün bir nəfər mikrofonla rus, gürcü və ingilis
dilində gəmiləri tərifləyərək insanları dəniz gəzintisinə çağırır. Məsələn, “Sizi
“Gözəlçə” adlı gəmi gözləyir – tez olun, gəlin, gəmi indi çıxır. Sizi bu gəmidə əla
dəniz gəzintisi gözləyir” – deyən çağırışçının bu maraqlı çağırış tərzi gəmilərə
xeyli turist cəlb edir. Onun çağırışına xeyli adam yığışmışdı. Birdən-birə dənizə 5-
10 balaca gəmi çıxır. Kater və skuterlər də öz yerində. Amma, Batumi şəhərindən
gələn dəhşətli qoxu kanalizasiya sisteminin düzgün işləmədiyini göstərirdi. Bu
qoxu dəniz sahilində daha çox hiss olunur.

Bulvarda ikitəkərli, dördtəkərli velosiped və motosikletlər saatla icarəyə verilir. 4
nəfərlik və 2 nəfərlik olan bu velosipedlərin hərəkəti üçün bulvarda xüsusi qırmızı
rənglənmiş yer ayrılıb. Həmin yerlə hərəkət etməyə icazə verilir. Bakıda olduğu
kimi Batumidə də çoxlu ərəb, iran, türk turistlərinə rast gəlmək mümkündür.
Ərəblər, iranlı turistlər həmin velosipedlərdən gen-bol istifadə edirlər.

BOTANİKA BAĞI

Batuminin ən məşhur yerlərindən biri də Botanika Bağıdır. Burada müxtəlif
ölkələrdən gətirilmiş ağac, kol və güllər var. Botanika Bağı bir neçə hissəyə
bölünür. Avstriya, Yaponiya, Qərbi Amerika, Şərqi Asiya, Avropa, Qafqaz və
digər zonalara bölünmüş yerlərdə həmin ölkələrə aid ağaclar və güllər əkilib.
Botanika Bağında ən çox diqqətimizi cəlb edən Evkalipt və Bambuk ağaclarının
bolluğu oldu. Evkalipt get-gedə yoğunlaşan gövdəsi və öz qabığını soyub atan ağac
kimi tanınır. Hərdən budağı da özü qopub düşür. Bambuk isə uzunluğu ilə
məşhurdur. Bambukun uzunluğu bəzən 10 m-ə çatır. Botanika Bağında bambuk
meşələri Qara Dənizin içinə qədər uzanır. Dənizin dalğasının səsi ilə bambuk
meşələrinin gətirdiyi qaranlıq və sərinlik elə bir ahəngdarlıq təşkil edir ki, adam
Botanika Bağından çıxmaq belə istəmir. Onu da qeyd edim ki, həkimlər məhz
ağciyər və ürək xəstələrinə bu Botanika Bağında gedib oturmağı məsləhət görürlər.
1 gün gəzsək də, Botanika Bağını tam gəzib bitirə bilmədik və demək olar ki,
oradan doymadıq.

ŞIDIRIĞI YAĞIŞLAR

Batumidə tez-tez şıdırığı yağışlar yağır. Bəzən gündə 3 dəfə belə yağışa düşmək
mümkündür. Yağış başlayanda bitmək bilmir və tezliklə selə çevrilir. Buna görə də
yerli əhali yağışlıq deyilən geyim geyir və çətirsiz evdən çıxmır.

TELEFON TARİFLƏRİ
Gürcüstanda telefon nömrələri pulsuzdur. Əgər Gürcüstanda telefon nömrəsi
alırsızsa, onu sizə pulsuz verirlər. Yalnız nömrəyə yüklənən konturun pulu
ödənilir. Orada danışıq tarifləri də Azərbaycanla müqayisədə daha ucuzdur.
ÇAY TAPMAQ MÜMKÜN DEYİL
Batumidə çayxana yoxdur. Orada ümumiyyətlə, çay içmək üçün məkan tapmaq
müşküldür. Yalnız türklərin restoran və kafelərində çay içmək mümkündür.
Gürcülər çay deyil, qəhvə içirlər. Onların ən məşhur restoranı olan “Mimino”da
belə çay tapıb içmək qeyri-mümkündür. Çay istəyəndə soyuducudan soyuq çayı
gətirib verirlər adama ki, al iç…

BIR-BIRINDƏN MARAQLI DİZAYNLI BİNALAR

Şəhərin diqqət çəkən məqamlarından biri də bir-birindən maraqlı binaların
olmasıdır. Məsələn, Gürcü əlifbasına həsr olunmuş “Əlifba” binası diqqəti o
dəqiqə çəkir. Gecələr rəngbərəng işıqlarla işıqlandırılan binanın hər tərəfində əlifba
hərfləri vardır.
Bundan başqa, başı aşağı çevrilmiş kimi görünən bina, sanki üzrində dəmir borular
kimi görünən bina, fərqli üslublarda tikilmiş kilsələr turistlərin marağını çəkir.
Hərənin əlində bir fotoaparat bu binaları çəkirlər.
(ardı var)
Sevda Elay Əsgərova

BATUMİDƏN REPORTAJ