BATUMİDƏN REPORTAJ III HİSSƏ

(Əvvəli ötən sayımızda)

ÇARİÇA TAMARA KÖRPÜSÜ

Bu da bütün Gürcüstanda məşhur olan Tamara körpüsü…

Batumidə fəaliyyət göstərən turizm firmaları mütləq şəkildə turistləri Çariça Tamaranın şərəfinə adlandırılmış körpü ilə tanış etmək üçün aparırlar. Bu körpü Batuminin 30 km-liyində yerləşir. 29 metr uzunluğunda və 2.5 metr enində olan körpü iti axan Acaritskali çayının üstündədir və maraqlı tarixi abidədir. Turistlər Tamara Körpüsü ilə tanış olmaq üçün dağlara yol alırlar. Tamara körpüsünə yaxın yerdə çoxlu bal satanlarla qarşılaşmaq mümkündür. Bal, sucuq, meyvə, caxır kimi məhsulları satan yerli əhali bu satışdan gəlir əldə edir. Burada cökə balı, şabalıd balı, çiçək balı satılır. Onu da qeyd edək ki, bal satanlar qiyməti türk dilində deyir, turistlərlə rus və türk dillərində danışırdılar. Bizə maraqlı gələn bu halı soruşduqda məlum oldu ki, artıq gürcülər də türk dilini öyrənirlər. Deyim ki, şabalıd balı adı ilə aldığımız bal heç də yaxşı çıxmadı.

ACARİTSKALİ ÇAYI

?

Tamara Körpüsünün altından axan iti çaya insanlar çimməyə gəlir. Çayın suyu dupdurudur. Çayın dərin və dayaz yerləri var. Biz orada olduğumuz vaxt çayın dərin yerdə çimən gənclərdən biri boğulmaq təhlükəsi ilə üzləşdi, az qaldı ki, boğulsun. Lakin yaxınlıqda olanlar tez həmin gənci boğulmaqdan xilas etdilər.

ŞƏRAB EVİ

Batuminin Şərab Evi çox məşhurdur. Orada şərabların hazırlanması turistlərin gözü qarşısında baş verir. Bilindiyi kimi, Gürcüstan öz şərabları ilə dünyada məşhurdur. Elə bir gürcü ailəsi tapmaq mümkün deyil ki, evində çaxır hazırlaya bilməsin. Ev çaxırı daha qiymətli sayılır.

MAXUNÇETİ ŞƏLALƏSİ

Tamara Körpüsünə yaxın yerdə şəlalə var. Lakin o qədər də hündür şəlalə deyil. Ərəblərin, farsların, ingilislərin əlindən şəlalədə tərpənmək mümkün deyildi. Sözün düzü, Azərbaycanda olan gözəl şəlalələrin yerini verməsi mümkünsüz sayılan bu şəlalə bir o qədər böyük təəssürat oyatmadı. Baxmayaraq ki, gürcülər bu şəlaləni bəh-bəhlə tərifləyirlər.

ŞEYTAN ÇARXI

Batumidə də Bakıda olduğu kimi nəhəng şeytan çarxı var. Şeytan çarxı da düz dəniz sahilində yerləşir.

ƏLİ VƏ NİNO

Əli və Ninoya ucaldılan məşhur özüfırlanan abidə şəkillərdə hündür görünsə də, əslində o qədər də hündür deyil. Gümüşü rəngli bu abidə demək olar ki, Batuminin rəmzi sayılır. Batumiyə gələnlər mütləq bu abidə ilə şəkil çəkdirir.

BATUMİ BULVARI

Batumi bulvarında diqqətimizi çəkən bir məsələ də bulvar boyu yerli əhalinin turistlərlə birlikdə oxuyub rəqs etməsi oldu. Topa halında dayanmış insanlardan kimsə gitarada ifa edir, o biri oxuyur, digərləri də rəqs edirdi. Əsasən gürcülər gürcü milli rəqsləri ilə turistləri tanış edirdilər. Onu da qeyd edim ki, gürcülər çox gözəl rəqs edir. Bulvar boyu irəlilədikcə belə rəqslərin, musiqi ifalarına çox rast gəlmək olurdu. İnsanların sərbəstliyi həm geyimlərində, həm saç düzümlərində, həm də həyat tərzlərində özünü qabarıq göstərirdi. Bulvarın yaxınlğındakı qazonlarda oturan insanlar pivə içib sərinləyərək ətrafı seyr edirdilər. Gecə yarıdan sonra şəhərdə adam gözə dəymir.

MARKETLƏR

?

Yaddan çıxmamış onu da yazım ki, Gürcüstanda restoranlarda kabab deyərkən lülə kabab başa düşülürmüş. Tikə kababa isə onlar “şaşlık” deyir. Lülə kababı daha çox sevirlər və bəh-bəhlə yeyirlər.

Batumidə qaldığımız bir ay müddətində dönər satılan yerlərdə və türk restoranlarında türklərlə yanaşı, azərbaycanlılara da rast gəldik. Onlar canla-başla mövsümi işlərdə işləmək üçün qonşu ölkəyə üz tutmuşdular.

UREKİ

 

Novxanı çimərliyini xatırladan Ureki haqqında yəqin ki, eşitməmiş deyilsiz. Ureki də çimərlik qəsəbəsidir. Lakin bu qəsəbədə kirayə evlərin qiymətləri Batumidən 2 -3 dəfə ucuzdur.  Balaca qəsəbədə rəngbərəng binalar göz oxşayır. Hər bina bir rəngdə rənglənmiş, həyət evlərinin hasarları, evlərin divarları elə göz oxşayan rənglərlə və ya maraqlı şəkillərlə bəzənmişdi ki, bu da bu qəsəbəyə özəl bir gözəllik və fərqlilik bəxş edir. Urekidə biz səyyari sirklə tanış olduq. Sirk işçiləri tez-tez mikrofonla sirkin başlanma vaxtını elan edir, uşaqları və böyükləri sirkə səsləyirdilər.

Ureki çimərliyində çox gözəl və isti qum var. Qum bir növ Novxanı çimərliyini xatırladır. Qara Dəniz Batumidəki kimi təmiz olmasa da, isti qum hər şeyə dəyər Urekidə.

Qəsəbədə yolboyu çoxlu sayda çimərlik geyimləri, dəniz topları, dəniz dəsmalları – bir sözlə dənizə aid hər şey satılır. Batumidə olduğumuz müddətdə cəmi iki dəfə Urekiyə getmək bizə nəsib oldu.

KOBULETİ

Ureki ilə yanaşı qəsəbə Kobuleti də çox maraqlı qəsəbədir. Otellər və çimərlik əşyalarının bol satıldığı yerdir Kobuleti. Digəl ki, Kobuletidə ermənilər çoxluq təşkil edir. Onların üzlərini görüb ürəyimizi bulandırmamaq üçün Kobuletiyə getmədik.

BAMBUK QABLAR

Bambuk ağaclarının bol olduğu ölkədə bambukdan hazırlanan müxtəlif əşyalara rast gəlinir. Bambuk fincanlar, su bardaqları, şərab bardaqları, külqabılar və digər əşyaları yerli ustalar hazırlayıb satırlar. Turistlər də suvenir kimi alır o qablardan. Biz də aldıq.

Urekidə ürəyimizi açan bir hadisə də azərbaycanlıların “Gəncə” kafesinin orada fəaliyyət göstərməsi oldu. Demək olar ki, bir ay müddətində nəhayət ki, ağız dadı ilə Azərbaycan kababı yeyə bildik. Kafeni Marneulidən olan həmyerlilərimiz açıb, adını da “Gəncə” qoyublar. Azərbaycanı orada yaşadırlar. Bu, bizi çox sevindirdi.

Nəhayət, bir ayı başa vurub, Batumi Dövlət Universiteti ilə vidalaşıb geriyə Bakıya dönürük. Bakıya gəlmək üçün əvvəlcə Tbilisiyə qatarla 5 saat yol gəlirik. Daha sonra isə bir neçə saatımızı Tbilisidə keçirib Tbilisi- Bakı qatarı ilə üzü Vətənə doğru yol alanda sevincimizdən nə edəcəyimizi bilmirik. Düzünü deyim ki, doğma Bakıdan ötrü lap burnumun ucu göynəmişdi. Vətən torpağına qədəm qoyanda isə sevgi dolu güvən hissi məni bürüdü.

Sevda Elay Əsgərova

Bakı-Batumi-Tbilisi-Bakı

Son