BATUMİDƏN REPORTAJ

(II HİSSƏ)

(Əvvəli ötən sayımızda)

Batumidə türklərin məhəlləsində türk restoranları, marketlər fəaliyyət göstərir. “Karabax” adlı türk restoranını görəndə gözlərimizə işıq gəldi. Batumidə 2 yerdə “Karabax” türk restoranı qarşımıza çıxdı. “Köhnə Bakı” adlı Azərbaycan restoranı da var idi. Gürcülərin məşhur “Mimino” restoranı ad çıxarsa da, gürzədən başqa orada hazırlanan yeməklərin heç birini yemək mümkün olmur. Istiotlu gürcü xörklərinə öyrəşmədiyimizdən nahar vaxtı özümüzü ancaq türk restoranlarına verirdik. Orada da ərəblərin əlindən tərpənmək mümkün deyil. Ümumiyytlə isə, son vaxtlar Batumidə hindlilərin və ərəblərin də restoranları fəaliyyət göstərir. Amma müştərilərin ən çox toplaşdığı türklərin restoranları idi. Türk məhəlləsində çoxlu həmyerlimizə rast gəldik.

KANAT YOLU

Batumidə məşhur kanat yolundan danışarkən onu qeyd edim ki, bu kanat yolu Azərbacanın Qəbələ şəhərindəki kanat yoluyla müqayisə  oluna bilməz. Qəbələdəki kanat yolu çox möhtəşəm, hündür dağların üzərindən keçməklə qurulub. Çox maraqlı mənzərələr açılır qarşında. Amma Batumidəki kanat yolunun hündürlüyü 40-50 metr olmaqla dənizin üzərindən keçib qarşı tərəfdəki dağlara yönlənir. Qeyd edim ki, kanata minmək üçün turistlər ikiqat artıq pul ödəməli olur. Növbə də ki, öz yerində. Kanatın o biri başında balaca bir bina tikilib və gələn qonaqlar oradan kofe və digər içəcəkləri 3 qat artıq qiymətə ala bilərlər. Kanatla geri dönərkən hava qaralmışdı, amma kabinələrin  işıqları yanmırdı. Biz gecə qaranlıqda xarici turistlərlə birlikdə qaranlıq kabinədə geri dönməli olduq. Heç bir kabinənin işığı yanmırdı.

MUSİQİLİ FƏVVARƏ

Batumidə ən çox bəyəndiyim yerlərdən biri də Musiqili Fəvvarə idi. Gecə yarıya qədər işləyən bu fəvvarə öz ətrafına çoxlu turist cəlb edə bilib. Demək olar ki, turistlərin ən çox ziyarət etdiyi yer bu fəvvarədir. Maykl Ceksonun, Uitni Hyustonun, Selen Dionun, Madonnanın ifası ilə rəqs edən fəvvarənin rəngbərəng işıqları göz qamaşdırır. Musiqinin sədaları altında su sanki rəqs edir. Düzdür, Bakıda da musiqili fəvvarə qurulub. Amma təəssüf ki, son illərdə onun işlədiyini görən olmayıb. Yaxşı olardı ki, bizdəki musiqili fəvvarə də fəaliyyətini bərpa etsin.

BİR AZ DA MUSİQİLƏR HAQDA  

Batumidə olanlar yaxşı bilir ki, şəhər balaca olduğu üçün bu başından o başına piyada getmək mümkündür. Buna görə də şəhərdə avtobus çox az gözə dəyir. Hamı piyada gəzməyə üstünlük verir. Amma əgər bir az uzaq məsafəyə getməli olsan və marşruta, ya taksiyə minməli olsan, çox mükəmməl misiqilər dinləyəcəksən. Mümkün deyil ki, bizdəki kimi marşrutlarda hansısa bezdirici, bazar musiqisi dinləyəsən. Dünya şöhrətli pop musiqiləri sanki seçib diskə yığıb marşrutlara paylayıblar. Sonradan maraqlandıq ki, doğrudan da bu sahədə ciddi tapşırıq var və marşrut , avtobus, taksi sürücüləri bu tapşırıqdan kənara çıxa bilməz.

DELFİNARİYA

Şəhərin ən maraqlı yerlərindən Delfinariya demək olar ki, birinci yerdə gəlir. Delfinariyada hər gün bir neçə dəfə seanslar keçirilir. Orada əsasən uşaqlar daha çox əylənir. Amma böyüklərin də sevinci uşaqların sevincinə qarışır. Çünki 8 ədəd delfin müxtəlif oyunları, rəqsləri və tryukları ilə hamını sevindirə bilir. Axşam seansının bileti gündüz seansının biletindən bahadır.

KUTAİSİ

Batuminin 1 saatlıq məsafəsində yerləşən Kutaisi bizim Gəncə şəhərini xatırladır. Amma Kutaisidə sovet dövründən qalma köhnə binalar və küçələr böyük üstünlük təşkil edir. Kutaisi dəniz səviyyəsindən 200 metr hündürlükdə yerləşən 150 minə yaxın əhalisi olan və 73 faiz rütubətli şəhərdir. Burada çoxlu kilsələrə rast gəlmək mümkündür. Kilsələrdən bəziləri dağılıb, bəziləri qədim abidə kimi ziyarət olunur.

MƏŞHUR PROMETEY MAĞARASI

Batumiyə gedərkən orada müxtəlif turizm şirkətləri turistlərə maraqlı turlar təklif edirlər. Bunlardan biri Kutaisidə yerləşən mağaralardır. Biz də bu mağaralar haqda eşitdiyimiz üçün bu turlardan birinə qoşulduq. Turizm şirkəti 2 nəfər olduğumuz üçün bizə bir taksi ayırdı və taksi ilə mağaralara yollandıq. Öncə qeyd edim ki, Kutaisi yolu bomboş idi, yolda da heç bir yol polisinə rast gəlmədik. Buna baxmayaraq, sürücü yol hərəkəti qaydalarına o qədər ciddi əməl edirdi ki, təəccüblənməyə bilmirdik.

Nəhayət ki, məşhur Prometey mağarasına çatdıq. Bu mağara dünyada çox məşhur olduğu üçün dünyanın hər yerindən bura turistlər axışır. Ərəblər, ruslar, ingilislərin əlindən tərpənmək mümkün deyil. Mağara getdikcə dərinləşir. Mağara 1983-cü ildə aşkara çıxarılıb. 1989-cu ildən artıq mağaraya turistlər gəlməyə başlayıb. 1990-cı ildə mağara bağlanıb. 2009-cu ildən mağaranın içərisində fransız dizaynerlərinin dizaynı ilə rəngbərəng işıqlandırma və musiqi işi o qədər gözəl qurulub ki, göz oxşayır. 2011-ci ildən mağara yenidən turistlərin sərəncamına verilib. Mağaranın içərisində 15 ekskursiya zonası var. Mağaranın içində havanın temperaturu müsbət 15 dərəcə olur. Yayın istisində orada üşümək mümkündür. Mağaranın ümumi sahəsi 11 km əhatə edir. Amma bunun yalnız 1060 metrəsi turistlər üçün açıqdır. Prometey mağarasının hündürlüyü 21 metrdir. Mağaranın içərisindən duz və gil qarışığından olan qarışım yuxarıdan damcılayaraq aşağıda duz sırsırası əmələ gətirir. Yuxarıdan və aşağıdan olan duz sırsıraları müxtəlif formalardadır. Onlardan birləşənləri də var. Mağaranın girişində 150 metrlik bir tunel var. Mağaranın o biri başından qayıqla çay gəzintisi təşkil edilir. İçəridə bizi bələdçilər müşayiət edirdi. Batumiyə getsəniz, mütləq Prometey mağarasına getməyiniz məsləhətdir. İnanılmaz təəssürat yaradan yerdir.

SATAPLİA MAĞARAS

Sataplia qoruğu Kutaisinin 8 km-liyində yerləşir və Sataplia dağlarındakı meşənin 350 km ərazisini əhatə edir. Bu meşələrdə şabalıd, palıd, bambuk, qovaq, ervkalipt kimi həmişəyaşıl ağaclar var. Bu dağlara ballı dağlar da deyirlər. Çünki, Sataplia dağlarında vəhşi arılar məskən salıb və dağlardan bir vaxtlar bal axıb.

Biz o bal axan yerə baxdıqdan sonra dinozavrların izinin olduğu deyilən muzeyə girdik. Guya 160 milyon il bundan əvvəl burada dinozavrlar yaşayıb və onların izləri də olduğu kimi qalıb. Bu nağıla inanmasaq da, muzey-mağaranı ziyarət etmək qərarına gəldik. Çoxlu sayda turisti bura gətirən maraq dinozavrların ayaq izləri idi. Amma aşkarcasına görünürdü ki, bu izlər sonradan süni şəkildə düzəldilib. Meşənin içində dinozavrların maketləri hazırlanıb və onlar haqqında yazılı məlumat da qarşılarına qoyulmuşdu. Turistlər rahatlıqla bu dinozavr maketləri ilə şəkillər çəkdirib yollarına davam edə bilirdilər. Turistlər üçün maraq doğuran bu dinozavr mağarası da Gürcüstan dövlətinə yaxşı gəlir gətirən yerlərdən biridir. Təxmini 1 kilometr ərazidə qurulmuş bu dinozavr mağarasının 300 metri yerin altındadır. İçəridə havanın temperaturu müsbət 14 dərəcədir. Mağaranin dərin yerində ürək formasında satalqamit var. Eynilə insan ürəyinə bənzəyən bu satalqamiti ziyarət etdikdən sonra niyyət tutub pul atmaq üçün dəlik də var. Eynilə, bizim pirlər kimi. Xarici turistlər bunu həvəslə edirdilər. Bu mağaranın da içərisi rəngli işıqlarla gözəl formada işıqlandırılıb. Onu mütləq qeyd edim ki, həkimlər astma, ürək və bronxial xəstələrinə məhz bu mağaralarda gəlib hava almağı məsləhət görürlər. Çünki, o mağaralarda qeyri-adi dərəcədə təmiz hava var. Mağaralarda adamın ruhu sanki təbiətin ruhu ilə birləşir.

Sevda Elay(Əsgərova)

Baki-Batumi-Kutaisi-Batumi-Bakı

(ardı var)