Bank və BOKT-lar borcalan haqqında məlumatı mərkəzləşdirilmiş kredit reyestrinə verəcək

Bu gün Milli Məclisin plenar iclasında “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihələri müzakirə olunub.

Milletcilik.az xəbər verir ki, dəyişiklik layihələrinə müvafiq olaraq Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) hər bir borcalan haqqında maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verəcək.

Layihələrə əsasən, banklar və BOKT tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.

Qeyd edək ki, mərkəzləşdirilmiş kredit reyestrində toplanmış məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunma qaydaları şamil olunur.

Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.