“Bank Respublika” Şuşa şəhərində filial açacaq!

Bu il sentyabrın 27-də Silahlı Qüvvələrimiz qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz Vətən müharibəsini böyük zəfərlə bitirdi. Bu Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və möhkəm iradəsinin, eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsidir.

“Bank Respublika” ailəsi, möhtəşəm Qələbəni xalqımıza bəxş etdiyi üçün Ali Baş Komandana, böyük cəsarət və igidlik göstərən Ordumuzun bütün əsgər və zabit heyətinə, eləcə də həmrəy olan xalqımıza öz dərin minnətdarlığını bildirir! Şanlı qələbəmiz bütöv Azərbaycan iqtisadiyyatının daha böyük uğurlarının təməlini qoyacaq. Gözəl Şuşamız, Qarabağımız dirçələcək, bütün Azərbaycanımız daha da güclənəcək, çiçəklənəcək!

Ölkənin aparıcı banklarından biri kimi “Bank Respublika” ASC də azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə Qarabağın incisi olan Şuşa şəhərində yeni filial açmaq haqqında qərar qəbul edib.

“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib: “Hər bir Azərbaycanlı kimi, Bankımızın da bütün əməkdaşları qələbə xəbərini böyük sevinclə qarşılamışdır! Bizə bu qələbəni yaşatdığı üçün Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna Bankımız adından sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid əsgərimizin qarşısında baş əyirik. Qeyd etmək istərdim ki, Bankımız Prezident İlham Əliyevin “Şuşa – səni dirçəldəcəyik” çağırışına qoşularaq Azərbaycanın dilbər güşəsi olan Şuşa şəhərində yeni filialın açılması ilə bağlı qərar qəbul edib. Hər bir Azərbaycanlı kimi biz də ölkəmizin yenidən inkişaf etməsində və çiçəklənməsində öz töhfəmizi verəcəyik”.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Şövkət Hüseyinova