Bakıda “StartupFest 2019”un açılış mərasimi keçirilib

Bu gün “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “StartupFest 2019” festivalı çərçivəsində Bakı və Gəncə şəhərində nəzərdə tutulan tədbirlər, panel sessiyaları barədə məlumat verib. Həmçinin texnologiyaların sürətli inkişafı sahəsində trendlərin insan həyatına, dövlət xidmətlərinin göstərilməsinə təsiri, ölkəmizdə rəqəmsal transformasiya, dövlət tərəfindən atılmış addımlar və gələcəyə baxış diqqətə çatdırılıb.

Açılış mərasimindən sonra tədbir “Dövlət sektorunda rəqəmsal transformasiya: İmkanlar və çağırışlar”, “Biznes sektorunda rəqəmsal transformasiya: İmkanlar və çağırışlar”, “Gələcək üçün bacarıqlar” və “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir?” mövzuları üzrə panel sessiyalarla davam edəcək.

Sessiyalarda dövlət orqanları, özəl təşkilat və müəssisələrin nümayəndələri, o cümlədən beynəlxalq ekspertlər müfaviq mövzularda çıxışlar edəcəklər.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Noyabrın 21-26-da keçirilən “StartupFest 2019″a “Product Hunt Meetup”, “Startup Grind Ganja”, “Fun Baku”, “DevOpsDays Baku”, “Techstars Startup Weekend Baku Fintech”, “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbirləri daxildir.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.