Bakıda iki zenit top mərmisi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Bakıda top mərmisinin tapılması ilə bağlı məlumat yayıb.

Milletcilik.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində 2 ədəd zenit top mərmisinin aşkarlanması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər.

Müəyyən olunub ki, mərmilərdən biri təlim-tədris təyinatlıdır, digəri döyüş tətbiqinə yararlıdır. Əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkarlanmayıb. Mərmilər zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əməliyyat başa çatıb. ​