Bakıda 9-cu Azərbaycan Mikromaliyyə Konfransı keçirilir – ƏLAVƏ OLUNUB

Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təşkilatçlığı ilə “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusunda 2 günlük 9-cu Azərbaycan Mikromaliyyə Konfransı işə başlayıb.

“Report” xəbər verir ki, tədbir çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatı nəzərdə tutulub.

Konfransda çıxış edən AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, bu il oktyabrın 1-nə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları (bank olmayan kredit təşkilatları və kredit ittifaqları) 178 928-dən çox müştəriyə kredit verib. Hazırda onların kredit portfelu 273 mln. ABŞ dolları məbləğindədir.

“Mikromaliyyə təşkilatları ölkə iqtisadiyyatının inkişafında, yoxsulluğun azalmasında xüsusi rol oynayıb, sahibkarların ehtiyacın uyğun kredit məhsulları təklif edərək onlara dəstək olublar. Mikromaliyyə sektorunun dəstəklənməsində qeyri-neft sektorunun inkişafının da rolu böyükdür. Mikromaliyyə kiçik və orta sahibkarlıq üçün kapital mənbəyidir”, – o qeyd edib.

***

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov isə bildirib ki, kredit təşkilatlarının fəaliyyəti yeni qaydada tənzimlənəcək. Onun sözlərinə görə, MBNP-nin əsas hədəfi məsuliyyətli borclanma modelinə keçmək, maliyyə dayanıqlılığını təmin etməkdir.

Qeyd edək ki, konfransda Almaniyadan EFSE/Finance in Motion, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İsveçrə Əməkdaşlıq Ofisi, ABŞ-dan MİX təşkilatı, Çexiyadan Adastra Biznes Konsaltinq, Bosniyadan InfoStudio kimi beynəlxalq investor və xidmət şirkətləri iştirak edir.

Tədbirdə AMFA ənənəvi olaraq üzv təşkilatlarını “İlin üzv təşkilatı-2018” , “İlin peşəkarı-2018”, “Maliyyə sektorunda gender bərabərliliyinin təbliği-2018” nominasiyaları üzrə mükafatlandıracaq. ABŞ-nın MİX təşkilatı isə “Maliyyə Şəffaflığına malik Maliyyə İnstitutları”na xüsusi sertifikatlar təqdim edəcək.

Konfransda “Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər və Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı? Dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, “Tənzimləyici qurumlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər?”, “Bank və Qeyri-Bank Sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma”, “Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar”, “Azərbaycanda kənd təsərrüfatının maliyyələşməsi: İmkanlar və Perspektivlər” və “Mikromaliyyə Təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri”nə həsr edilmiş sessiyalar olacaq.