Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı kəskin azalıb

“Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı kəskin azalıb.

Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Bildirilir ki, MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.

Maraqlıdır ki, bu ilin iyunun 7-də “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda MMC-nin nizamnamə kapitalı 590,001 mln. manatdan 1000 manatadək azalması barədə məlumat yayılmışdı.

Bakı Olimpiya Stadionu 68700 tamaşaçı tutumlu, yüksək beynəlxalq standartlara uyğun dizayn edilib və tikilib.

2008-ci ildə ilkin mərhələ olaraq stadionun dizayn işləri başlayıb. Tenderdə bir neçə yerli və xarici şirkətlərin təklifi nəzərə alınıb. İqtisadi səmərəlilik, müasirlik, şəhərin arxitekturasına uyğunluq həmçinin texniki xüsusiyyətlər nöqteyi-nəzərdən təşkilatçılar Türkiyə şirkətinin təklif planını qəbul etdilər və bunun əsasında dizayn işləri davam etdirilib.

Stadion ərazisinin hazırlığı SOCAR-ın tikinti şirkəti tərəfindən həyata keçirilib. İlkin işlərə yaşıllaşdırma, stadionun bünövrəsini möhkəmlətmə və tam miqyaslı tikinti xidmətləri göstərilməsi üçün gələcək tenderlərin inkişaf planı aid idi.

Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi 6 iyun 2011-ci ildə yəni Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib.