Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır

Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin
rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi
yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında,
digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil
ediləcək.
Müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat
vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün
10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.
Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir.
3300 kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər
Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi,
Süleyman Rəhimov küçəsindəki 2800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin
durması üçün şərait yaradılacaq.
Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat
üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək.
Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi
terminallar vasitəsilə, kart sisitemi ilə həyata keçiriləcək.
Məlumdur ki, şəhərin “giriş qapısı” funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk
təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir.
Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik
hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq.
Parklanma xidmətlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY
Əmlak” MMC göstərəcək.

 Şölə Beyləqanlı (Hüseyinova)