Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Baş Qərargah rəislərinin Bakı görüşündə müzakirə olunan məsələlər açıqlanıb

“Azərbaycan-Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin 4-cü üçtərəfli görüşü Türkiyədə keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanın müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer ÇaçibaianınBakı görüşü üç qardaş ölkənin rəhbərlərinin tapşırıqları əsasında həyata keçirilib.

Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi siyasi vəziyyət müzakirə edilib: “Bakı görüşü 3 qardaş ölkənin əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrinin  təhlükəsizliyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir”.

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinə dair hesabat da dinlənilib: “2019-cu ilin fəaliyyət planını da təsdiqlədik. Görüşdə beynəlxaq hüquq əsaslanaraq dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələsi vurğulandı. Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır və bununla bağlı qərar verdik. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması ilə bağlı üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur. Növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək”.