Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 272 mln. dolları ötüb

Bu ilin I rübündə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 272 mln. 455,2 min dollar təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Yanvar-mart aylarında Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 9,7% təşkil etməklə qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı 84 mln. 904,8 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 11,1% artım qeydə alınıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 10,3% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Birinci rübdə Gürcüstan Azərbaycandan 187 mln. 550,4 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 1% artıb. Bu göstərici ilə qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 9,5% təşkil edib. Hesabat dövründə Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan dördüncü əsas idxal tərəfdaşı olub.

Yanvar-mart aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 0,1% azalarq 2 mlrd. 807,3 mln. dollar təşkil edib. Ölkənin ixracı 12,8% artaraq 826 mln. dollar, idxalı isə 4,7% azalaraq 1 mlrd. 981,3 mln. dollara bərabər olub.