AZƏRBAYCANIN BÖLGƏDƏ ÖNƏMİ

Bu ilin iyul ayında yayılan məlumatlara görə, ABŞ prezidenti Tramp 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Bu məlumatı Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzi (Center for İnternational Policy) ilə sıx əlaqələri və bağları olan, Birləşmiş Ştatların təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramı yaymışdı.

100 MİLYON DOLLARIN MƏQSƏDİ

Şərhçi Elçin Alıoğlunun bildirdiyinə görə, rəsmi açıqlamalara görə, ABŞ-ın “Caspian Guard” proqramı çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstana da yardımlar edilir. Sərhədlərdə təhlükəsizliyin təminatını artırmaq, terrorizm təhdidlərinin qarşısını almaq və onlardan qorunmaq, kütləvi qırğın silahlarının yayılmasına mane olmaq, narkotrafik, insan alveri və digər transmilli təhdidlərlə mübarizəni daha da aktivləşdirmək üçün Bakıya yardım göstərilir.

Ayrılmış 100 milyon dollar Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Bir qədər məbləğ də Xəzərdə təhlükəsizliyə yönəlib.

Xatırladaq ki, ötən il Azərbaycan hərbi və müdafiə xərclərinə yardım qismində ABŞ-dan 58,9 milyon, bu il 42,9 milyon dollar alıb. Halbuki 2016-2017-ci illərdə bu məbləğ 3 milyon dollardan artıq deyildi.

Üstəlik, 2018-ci ildə hərbi-müdafiə yardımı qismində Ermənistana 4,2 milyon dollar ayırmış ABŞ bu il həmin məbləği 2,8 milyona endirib. 2020-ci ildə isə Ermənistana 2,1 milyon dollar veriləcək.

Səbəb sadədir: Rusiyadan aldığı göstərişi yerinə yetirən Ermənistan Suriyaya hərbçilərini yollamış, bu minvalla Moskvanın farvaterində olduğunu nümayiş etdirmişdi.

Şərhçi Elçin Alıoğluna görə, Yaşananların səbəblərini ayırd etmək üçün ilkin mərhələyə nəzərə salaq. ABŞ-ın Nümayəndələr Palatası aşkar ermənpərəstliyi ilə tanınan və erməni lobbi şirkətlərindən sürəkli dəstək aldığını gizlətməyən, Demokrat Partiyasının funksioneri, konqresmen Bred Şermanın təşəbbüsçüsü və müəllifi olduğu qanun layihəsini təsdiqlədi. Həmin qanun layihəsi Azərbaycana sonradan Dağlıq Qarabağ ermənilərinin mülki aviasiyasına qarşı istifadə oluna biləcək silah və hərbi texnikanın satışını ABŞ-a yasaqlayır.

B.Şermanın hazırladığı qanun layihəsi ABŞ-ın “Dövlət Müdafiəsi haqqında” qanuna (National Defense Authorization Act,NDAA) müvafiq əlavələr və dəyişiklikləri nəzərdə tutur. Səsvermə zamanı 234 konqresmen layihənin lehinə, 195 nəfərsə əleyhinə səs verib.

Faktiki olaraq ABŞ-ın hərbi-müdafiə büdcəsinin formalaşmasını şərtləndirən qanuna əlavələr Konqresin Nümayəndələr Palatasında və Senatında təsdiqlənəndən sonra ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

İlk baxışdan sözügedən dəyişikliklər əsl marazm təsiri bağışlayır. Qanun qüvvəyə minəndən sonra ABŞ ölkəmizə zenit-raket sistemləri (ZRK) və “yer-hava” tipli raketləri sata bilməyəcək. Di gəl, amerikalılar, onsuz da, belə sistemlərlə raketləri Azərbaycana satmır, Bakı da amerikalılardan ZRK almaq niyyətində olmayıb.

Əvəzində Azərbaycan ABŞ istehsalı olan ZRK-lara effektiv, ucuz və keyfiyyətli alternativləri Rusiyadan, İsraildən və Belarusdan alıb.

Bundan başqa, Dağlıq Qarabağda ermənilər mülki aviasiyanı işə salmaq üçün Xocalıda aeroport tiksələr də, Azərbaycan “Xankəndi aeroportu”na uçuşlara icazə vermir. Rəsmi Bakı bununla bağlı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (International Air Transport Association, İATA) dəfələrlə xəbərdarlıq edib.

İATA da Xankəndi aeroportuna rəsmi status verməyib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, erməni işğalında olan ərazilərə mülki aviasiyanın uçuşlarının qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edəcək.

Yəni Dağlıq Qarabağa və ya işğal altındakı başqa ərazilərə uçan təyyarə vurulacaq.

Və həmin təyyarə vurularsa, beynəlxalq hüququn norma və prinsiplərinə görə, Azərbaycan heç bir hüquqi məsuliyyət daşımayacaq. Qarabağlı ermənilərin aeroportu İATA-da qeydiyyata alınmadığından statusu və kodu yoxdur. Bu səbəbdən Dağlıq Qarabağa uçan təyyarələri Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri dəqiqləşdirib müəyyənləşdirə bilməyəcək, ölkəmizin səmasına soxulmuş naməlum obyekt kimi dəyərləndirəcək və raketlə vurub salmağa tam ixtiyarı olacaq.

Məhz bu səbəbdən Dağlıq Qarabağda aeroport tikilsə də, istifadəyə verilməyib.

ABŞ-dakı erməni lobbisi bütün qüvvə və imkanlarını işə salaraq “problem”i həll etməyə çalışır.

ABŞ Konqresinin Nümayəndələr Palatasında B.Şermanın hazırladığı qanun layihəsinin lehinə səs verənlərin tam əksəriyyəti Demokrat Partiyasının üzvləridir. Onların arasında erməni diasporunun pullarından faydalananlar – özləri rəsmən etiraf edirlər – az deyil.

Belə şəraitdə ABŞ-ın Azərbaycana 100 milyon dollarlıq hərbi-müdafiə yardımı ayırması qəribə görünə bilər. Fəqət, hər şey, sadəcə, ilk baxışdan paradoks təsiri bağışlayır.

Ayrılan 100 milyon dollar Azərbaycanın cənub sərhəddinin mühafizəsinin təminatının gücləndirilməsinə yönələcək. Yəni yeni obyektlər tikiləcək, qurğular, elektron vasitələr, rabitə və nəqliyyat vasitələri, müşahidə, xəbərdarlıq və izlənmə texnologiyaları alınacaq. Eyni zamanda, Azərbaycanın Xəzərdəki cənub su sərhədinin mühafizəsi də gücləndiriləcək.

Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyəti ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək imkanlarını artırır. Belə ki, Ermənistanla sərhəddən Müdafiə Nazirliyinin hissə və birliklərinin çıxarılaraq onların Sərhəd Qoşunlarının şəxsi heyəti ilə əvəzlənməsi, onların maddi-texniki təminatının maksimal dərəcədə yüksəldilməsi eyn prosesin mərhələləridir.

Daha konkret olsaq, ABŞ-ın ayırdığı maliyyə hesabına sərhədlərimizi möhkəmləndirməklə yanaşı, Ermənistanla sərhəd bölgələrdən çıxarılan və bundan sonra da çıxarılacaq hərbi hissələr Dağlıq Qaraba münaqişəsi zonasına göndəriləcək.

Təbii ki, bəhs etdiyimiz məqamlar Ermənistanı çılğına döndərib, Rusiya və İranı isə dərin narahat edib.

Ağ Evin “Cənubi Qafqazda ən etibarlı, stabil, strateji tərəfdaşımız və dəyərli müttəfiqimiz Azərbaycandır” açıqlaması isə Azərbaycandakı radikal müxalifətlə yanaşı, Rusiya və İranı çox sinirləndirib.

Gürcüstanla sərhəddə, Keşikçidağda bir dəstə gürcünün sərhədçilərimizə hücum çəkməsinin ssenarisinin Tiflisdə yox, çox uzaqda, ABŞ-ın regiondakı tərəfdaşları Gürcüstanla Azərbaycanın arasını vurmaq istəyən dövlət və ya dövlətlərdə hazırlandığı, beləcə, bəlli olmurmu?!

Azərbaycanın diqqətini Ermənistanla sərhəddin gücləndirməkdən ayırmaq, Gürcüstanla süni yaradılmış süni münaqişə vasitəsilə gündəmi dəyişmək cəhdi də bölgədə təsir rıçaqlarının əlindən çıxmasını istəməyən qonşumuzun işidir.

Təsadüfi deyil ki, Azərbaycanın Sərhəd Xidmətinə dövlət büdcəsindən ayrılan vəsait 2018-ci idəki 90 milyon dollardan 116 milyon dollara çatdırılıb.

… ABŞ-ın Azərbaycana hərbi-müdafiə məqsədilə 100 milyon dolları ölkəmizin Müdafiə Nazirliyinə yox, Dövlət Sərhəd Xidmətinə veriləcək.

Amerikalılar bunu Azərbaycana dəstək vermək üçün yox, Rusiyadan İrana və əks istiqamətdə şübhəli yüklərin daşınmasının qarşısını almağa, Azərbaycanın quru ərazisində və Xəzər dənizində önəmli enerji layihələrinin müdafiəsi üçün edirlər.

Ermənistana yardımın az olmasının bir başqa səbəbi isə bu ölkənin sərhədlərinin erməni yox, rusiyalı sərhədçilər tərəfindən qorunmasıdır. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan 2,1 milyon dollarlıq yardımla kifayətlənmək, baş nazir Nikol Paşinyan isə “Qərbpərəst” ritorikasına bəlli düzəlişlər etmək məcburiyyətində qalacaq.

YENİ TRANŞ — 10,082,812 DOLLAR

Pentaqon  Azərbaycanın kəşfiyyat məlumatlarını toplamaq  və terrora qarşı mübarizə imkanlarını artırmaq üçün ABŞ şirkəti ilə 10 milyon dollarlıq müqavilə imzalayıb.

Virtualaz.org xəbər verir ki,  bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Azərbaycanın kəşfiyyat məlumatlarını toplamaq və terrorizmə qarşı mübarizə imkanlarını gücləndirmək üçün lazımi avadanlıqların təchizatı ilə bağlı müqaviləni Virciniya ştatında mənzillənmiş şirkətlə bağlayıb.

“Virciniya əyalətində, Aleksandriya şəhərində  yerləşən “VSE Corp. ” şirkəti  Xəzər dənizi ilə bağlı Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində terrorla mübarizə, kəşfiyyat avadanlıqları və təlim avadanlıqlarının tədarükü üçün 10,082,812 dollarlıq məbləğində müqaviləyə imza atıb”, – məlumatda qeyd edilib.

Avadanlıqların nədən ibarət olduğu açıqlanmır. Məlumata görə, müqavilə Azərbaycan hökuməti üçün ABŞ-ın xarici hərbi satışlar proqramı çərçivəsində bağlanıb.

Qeyd edilir ki, bu ilin iyununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfər edərək, milli təhlükəsizlik üzrə müşavir (dünən vəzifədən çıxarılıb,-red.) Con Boltonla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar ikitərəfli iqtisadi münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və Avropaya qaz tədarükünün daha da şaxələndirilməsi imkanlarını müzakirə ediblər.

BİZİM MƏNAFELƏR

Azərbaycan politoloqları İlqar Vəlizadə, Rasim Musabəyov haqlı olaraq qeyd edirlər ki, Azərbaycan nə Rusiya, nə ABŞ üçün hərbi baza və ya poliqon rolunu oynamaq istəyində deyil. Sadəcə, əgər ordumuzun son texnologiyalarla, özü də əcnəbi pullar hesabına təchiz edilmək şansı varsa, bundan istifadə etməliyik. Digər tərəfdən, erməni politoloqlar da vurğulayır ki, İranla Qərbin qarşıdurmasından qazanan Azərbaycandır. Amma Azərbaycan da qəti bildirib ki, konkret olaraq, İrana qarşı plasdarm olmayacaq. Amma bəzi təhlükələr var: 1) Ola bilsin ki, ABŞ bu cür yardımlarını açıqlamaqla İranı Azərbaycana qarşı təxribata sürüyür; 2) Ermənilər Azərbaycana bu cür yardımdan narahat olsalar da, bundan da öz məqsədləri üçün istifadə edirlər: Rusiyaya və İrana mesajlar verir ki, Azərbaycanla ABŞ strateji yaxınlaşır, yəni qonşu ölkələrlə Azərbaycanın münasibətlərini korlamaq istəyirlər; 3) Ermənipərəst, türkofob bir siyasi elitası olan ABŞ boş yerə Azərbaycana yardım etməzdi, əgər… Əgər ABŞ həqiqətən də strateji planlarında İrana qarşı ciddi hərbi tədbirləri tutmayıbsa və ya İranın daxilində qarşıdurmanı körükləməyə hazırlaşmırsa…

Əslində, bu yardım ilk növbədə Azərbaycanın bölgədə önəmini göstərir. Digər tərəfdən, Azərbaycanın müstəqil və milli maraqları çərçivəsində siyasət yürütdüyünü nümayiş etdirir. ABŞ-la bu cür münasibətlər bizə imkan verir ki, Rusiyanı bizim mənafelərə hörmət etməyə məcbur edək. Necə ki, Rusiya ilə strateji məsələlərdə münasibətlərimiz ABŞ-ı bizim mənafelərə hörmət etməyə məcbur edir…

Qarxunlu

“Millətçilik” qəzeti