Azərbaycanda həbs qətimkan tədbirinin seçilməsi şərtləri dəyişdirilir

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən seçilmiş təqsirləndirilən şəxslərlə bağlı yeni tələblər müəyyənləşdirilir.

Milletcilik.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət-Prosessual Məcəllənin 163-cü (Ev dustaqlığı) maddəsinə yeddi bəndin əlavə edilməsi təklif olunur.

Yeni bəndlərə əsasən məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilir:

kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;

təqsirləndirilən şəxsin lazımı davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.

Bəndlərdə o da bildirilir ki, tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.