Azərbaycanda 8 nəfər ədliyyə orqanlarından xaric edilib

Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri – Eldar Nuriyevin və Toğrul Musayevin, Nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli dayanıqlı tərəqqisi, bütün sahələrdə müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlar vurğulanıb, sosial-iqtisadi inkişafa və əhalinin rifahına xidmət edən tədbirlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının hüquq mühafizə sistemində islahatların dərinləşməsi, qanunun aliliyinin, qəbul edilən qərarların ədalətliliyinin və vətəndaş məmnunluğunun təmin olunması, kadrların dövlətə, xalqa bağlılığı, vətənpərvər və peşəkar olmaları, korrupsiyanın yolverilməzliyi ilə bağlı hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü qəti tələblər diqqətə çatdırılıb.

Müşavirədə qeyd olunub ki, ədliyyə və məhkəmə sisteminin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi üzrə ardıcıl islahatlar aparılır, bu sahədə mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

Ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasının effektivliyinin artırılması üzrə əməli işlər davam etdirilərək ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib.

Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143.5 milyon manat vəsait ödənilib. İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb.