Azərbaycan Voleybol Federasiyası (AVF) qarşıdakı illərdə bir sıra yeniliklər etməyi planlaşdırır.

Bununla bağlı AVF-nın baş katibi Cəlil
Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədov CEV prezidenti
Aleksandr Boriçiçlə görüşdə bir sıra mühüm məsələləri müzakirə
ediblər.
Görüşdə Azərbaycanda voleybolun daha da inkişaf etməsi baxımından
yeni müqaviləyə imza atılıb. Uşaq voleybolunun inkişafı ilə bağlı olan
bu müqavilə 2020-2024-cü illəri əhatə edəcək.
Burada uşaqların voleybola cəlb olunması, bu idman növünü aktiv həyat
tərzinə çevirməsi, sosial bacarıqlarının inkişaf etdirilməsi və digər
məsələlər öz əksini tapıb. Şərtlərə uyğun olaraq, CEV və AVF
tərəfindən seçiləcək orta məktəblər voleybol idman növü üçün lazım
olan avadanlıqlarla təmin olunacaq.
Həmçinin 4 il müddətində Bakıda və bölgələrdə CEV tərəfindən təyin
olunacaq voleybol mütəxəssisləri seminarlar da keçirəcəklər. Bunlar
gənc nəslin yetişməsi ilə yanaşı, mütəxəssislərin də savadının
artırılmasına hesablanıb.
CEV prezidenti A. Boriçiç görüşdə buna şad olduğunu və bu
müqavilənin Azərbaycan voleybolunun inkişafında böyük rol
oynayacağına inandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda bu
idman növünün yüksəlməsi istiqamətində yerli federasiya tərəfindən
görülən işlər diqqət mərkəzindədir.
Qeyd edək ki, AVF rəsmiləri görüşdən öncə bölgələrdə və Bakıda orta
məktəb müəllimləri ilə bir araya gələrək, voleybol qrupları olan
məktəblərin siyahısını hazırlayıb.