Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib. “Report” xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi. Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”

Mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

Universitetdən “Report”a verilən məlumata görə, vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək davam edəcək.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 77 yaşında vəfat edib.