Azərbaycan prezidenti Qazaxıstan baş nazirinin I müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan baş nazirinin birinci müavini Askar Mamini qəbul edib.

Milletcilik.az-ın xəbərinə görə, prezident İlham ƏliyevAzərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Dövlət başçısı Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə beynəlxalq tədbirlərdə keçirdikləri görüşləri xatırladaraq, Qazaxıstan prezidentinin Azərbaycana son rəsmi səfərini əlaqələrimizin inkişafında mühüm hadisə kimi dəyərləndirib və bu görüşlər zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu və artıq müsbət nəticələrin əldə edildiyini deyən prezident İlham Əliyev Qazaxıstan baş nazirinin birinci müavini Askar Maminin ölkəmizə səfərinin məhsuldar olacağına və səfər zamanı iqtisadiyyat, nəqliyyat, energetika, tranzit yükdaşımaları, investisiya qoyuluşu sahələri ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

Cənubi Qafqaz regionunda Azərbaycanın Qazaxıstan üçün strateji tərəfdaş ölkə olduğunu deyən Qazaxıstan baş nazirinin birinci müavini Askar Mamin qeyd edib ki, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində böyük potensial var. Qonaq bu potensialın reallaşdırılması üçün birgə səylərin göstərilməsinin önəmini vurğulayıb. A. Mamin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini prezident İlham Əliyevə çatdıraraq deyib ki, bu nəqliyyat dəhlizi Asiya-Avropa istiqamətində transkontinental yükdaşımalarının inkişafı işinə böyük töhfə verir. O, əmin olduğunu bildirib ki, bu dəmir yolu xəttinin işə salınması ilə Azərbaycan, Qazaxıstan və ümumilikdə, transxəzər marşrutunun tranzit potensialı tam həcmdə həyata keçiriləcək.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.