Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası: “Hazırda gilas Rusiyaya ixrac edilir”

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) İdarə Heyətinin sədri Bəşir Quliyev mövsümi meyvələrin baha olmasına münasibət bildirib.

O, “Report”a açıqlamasında qeyd edib ki, hazırda mövsümi meyvələrdə bahalaşma yoxdur.

“Bazarlarda mövsümi meyvələr hazırda ötən illə müqayisədə daha ucuzdur. Gilasın mövsümüdür, ixracı isə ənənəvi olaraq Rusiya bazarlarına həyata keçirilir. Biz onu istehsalın artması ilə əlaqələndiririk. Hər il intensiv bağçılıq təsərrüfatları yaradılır və rəqabət artır. Qiymətlərin də istehlakçı üçün ucuzlaşmasına səbəb olur”, – B.Quliyev bildirib.

O həmçinin əlavə edib ki, hazırda ölkədə istehsal olunan ərik ancaq daxili bazarı təmin edir, ixracı isə aparılmır.

Xatırladaq ki, ölkə bazarında gilasın kiloqramı 5-7 manat civarında dəyişir.