“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,Dünya Bankının Cənubi Qafqaz
üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz
üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid
Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə
regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən
beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər
barədə məlumat verib. Son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir
yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks
tədbirlər haqqında danışılıb.
Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında
əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən
qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə
bağlı müzakirələr olub. “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə
sisteminin gücləndirilməsi, maliyyə vəziyyətinin sağlamlaşdırılması və
yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən
institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian
Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi,
tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü
bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da
möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi
də iştirak edib.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya
Bankı inkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir.  Bu kreditlərin
əsas səbəblərindən biri də iqtisadi proqramların həyata keçirilməsidir.
Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının
aparılması istiqamətində əməkdaşlıq edir.