Azərbaycan alimi Rumıniya universitetinin fəxri professoru seçilib

Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Şahbazova Rumıniyaya səfər edib. Səfəri çərçivəsində azərbaycanlı alim Rumıniyanın Arad şəhərindəki “Aurel Vlaicu” Universitetinin fəxri professoru adına layiq görülüb. Bu universitet tərəfindən hər il dünyanın müxtəlif ölkələrindən bir neçə alim fəxri professor adına layiq görülür. 2017-ci ildə Arad Universitetinin bu ali mükafatına Azərbaycan Texniki Universitetinin professoru Ş.Şahbazova layiq görülüb. Tədbirdə Arad Universitetinin rektoru, yerli icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin üçüncü katibi Vüqar Hüseynli və attaşesi Fərid Məmmədov, elmi şuranın üzvləri, müəllimlər və ziyalılar iştirak ediblər. Arad Universitetinin rektoru, professor Ramona Lile fəxri professor diplomunu Ş.Şahbazovaya təqdim edib. Azərbaycanlı alim ingilis dilində öz elmi fəaliyyəti barədə məlumat verib. O, tanınmış azərbaycanlı alim, professor Lütfi Zadədən danışıb, onunla birgə çalışdığını qürurla vurğulayıb. Bundan əlavə Ş.Şahbazova öz elmi istiqamətlərindən – qeyri-səlis çoxluqlar, genetik alqoritmlər, süni intellekt sistemləri və neyron şəbəkəsindən bəhs edib. Daha sonra Rumıniyanın Arad Universiteti ilə həm Azərbaycan Texniki Universiteti (AzTU), həm də Azərbaycan Mühəndislik Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Professor Ş.Şahbazova Arad Universitetinin elektrik mühəndisliyi fakültəsində “Təlim materiallarına nəzarət modulunun funksiyası” mövzulu mühazirə ilə çıxış edib və Rumıniyanın Baş Mühəndislik Assosiasiyası və Arad Universitetinin mühəndislik fakültəsi tərəfindən “Təhsil və tədqiqatda parlaq və davamlı yüksək standart və dəyərli töhfələrinə görə” mükəmməllik sertifikatı ilə mükafatlandırılıb. Arad şəhərinə səfəri çərçivəsində professor Ş.Şahbazova Rumıniya İdarəetmə Mühəndisliyi və Texniki İnformasiya Cəmiyyətinin “Təhsil və tədqiqatda parlaq və davamlı yüksək standart və dəyərli töhfələrinə görə” mükəmməllik diplomu ilə də mükafatlandırılıb.

Azərbaycanlı alim, həmçinin “Agora Orada” Universitetində olub və bu ali məktəblə AzTU arasında anlaşma memorandumunu imzalanıb. Professor Ş.Şahbazovaya “Agora Orada” Universitetinin “Kompüter rabitəsi və nəzarəti” beynəlxalq jurnalında dərc olunan, professor Lütfi Zadənin bioqrafiyası haqqında məlumatların tanınması və dəyərli əməkdaşlığına görə” mükəmməllik sertifikatı təqdim edilib.