“Aprel şəkilləri” sənədli filminin təqdimatı olub

Bu gün “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

Milletcilik.az-ın məlumatına görə, film Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyi ilə hazırlanıb.

Filmin baş məsləhətçisi millət vəkili Əflatun Amaşov, ssenari müəllifi Bəxtiyar Qaraca, rejissorları Kəmalə Mirzəyeva və Nuranə İsmayıldır. Bakıda və Kürdəmir rayonunda çəkilən filmdə aprel döyüşlərində şəhid olan və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən pilotlar – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.

Təqdimat mərasimində çıxış edən Ə. Amaşov aprel döyüşlərinin Azərbaycan xalqının qələbə inamının özünə qayıtmasında böyük rol oynadığını, erməni işğalçı ordusunun alınmaz saydığı istehkamların alındığını, düşmən üzərində böyük hərbi, psixoloji qələbə qazanıldığını bildirib: “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən 3 sənədli film çəkiləcək. “Aprel şəkilləri” sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film aprel döyüşlərində şəhid olan və “İgidliyə görə” medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək “Briqada komandiri” sənədli filmi olacaq”.
Sonra “Aprel şəkilləri” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, təqdimat mərasimində şəhid pilotların ailə üzvləri, millət vəkilləri, KİV rəhbərləri iştirak ediblər.