ANKARA—VAŞİNQTON—MOSKVA ÜÇBUCAĞI VƏ İŞĞAL ALTINDA ƏRAZİLƏRİMİZ

Avqustun 19-da Suriya ordusunun aviasiyası türk hərbi karvanını bombalayır. Bombardmanda Rusiyanın Suriyadakı hərbi aviasiyası da iştirak edirdi. Baxmayaraq ki, türk hərbi qüvvələri karvanlarının marşrutu barədə ruslara məlumat vermişdi. Bəşər Əsəd qüvvələrinin və rusların bildirdiyinə görə, türk hərbi karvanı Xan-Şeyxun şəhərində mühasirədə olan anti-Əsəd qüvvələrinə hərbi yardım aparırdı.

TÜRK HƏRBİ KARVANINA HÜCUM

Aviazərbədən sonra Ankara havaya F-16-ları qaldırdı. Dəməşq isə, Hava Hücumu Qüvvələrini aktivləşdirdi, o cümlədən C-300 raket sistemlərini hərəkətə gətirdi. Türk hava qüvvələri xəbərdarlıq uçuşları edib, geri döndülər.

Bu hücumda hərbçilərini itirən Türkiyə tərəfi qəti surətdə bildirdi ki, karvan mühasirədə olan Xan-Şeyxunun dinc əhalisinə və yaxınlıqdakı türk hərbi postuna yardım aparırdı və Əsəd qüvvələrinin hücumu, xüsusilə də Rusiyanın bu hücumda iştirakı xain zərbədir.

Türkiyə Müdafiə Nazirliyi yalnız əsədçiləri günahlandırdı. Amma açıq bildirilirdi ki, Rusiya tərəfindən Suriya ərazisində gələcəkdə türk hərbçilərinə zərbənin durdurulmasını təmin ediləcəyini gözləyir. Eyni zamanda Türkiyə Müdafiə Nazirliyi xəbərdarlıq etdi ki, gələcəkdə bu cür hücumları Ankara cavabsız qoymayacaq.

Rusiyalı ekspert, general-leytenant Yuri Netkaçev bildirdi ki, Türkiyə üçün İdlib ərazisi Suriya ərazisində öz milli maraqlarını qorumaq üçün strateji kartdır və İdlibin itirilməsi Türkiyənin ciddi strateji məğlubiyyəti demək olacaq. Hadisələrin bu cür gedişatı əsədçi qüvvələrlə Türkiyə hərbçiləri arasında ciddi münaqişəyə gətirəcək ki, Əsədin tərəfində olan Rusiya da türk qüvvələrinə qarşı döyüşəcək.

Rus ekspertinin fikrincə, bu cür durumdan iki çıxış yolu var: 1-cisi, İdlibin anti-Əsəd qüvvələrindən təmizlənməsi və bu da mütləq Türkiyə ilə münaqişəyə gətirəcək. 2-cisi, döyüşlərin dayandırılması və danışıqların başlanması. Görünür, Ankara başa düşdü ki, Rusiyaya qarşı dirəniş gətirmək asan olmayacaq. Moskva da Ankara ilə indiki durumda münaqişəyə getmək fikrində deyil. Buna görə də Ərdoğanla Putin arasında danışıqlar başlanıldı.

MOSKVA GÖRÜŞÜ

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putini suriyalı müttəfiqlərinin qarşısını almağa inandırmaq üçün Rusiyaya səfər edib. Belə ki, Suriya hökumət qüvvələrinin üsyançıların sonuncu istinadgahına hücumu minlərlə qaçqını Türkiyəyə üz tutmağa məcbur edə bilər”, – “The Wall Street Journal” yazır.

 “Suriya-Türkiyə sərhədi boyu yaranmış gərginlik Ankara ilə Moskva arasındakı təhlükəsizlik sahəsində yeni münasibətlər üçün sınaqdır. Ancaq Ərdoğanın çərşənbə axşamı Moskvanı hansı zəmanətlə tərk etdiyi bəlli deyil, – məqalədə deyilir. Putin birgə mətbuat konfransında Türkiyə liderinin təhlükəsizliklə bağlı problemlərini başa düşdüyünü qeyd edib, habelə Moskva və Ankaranın Türkiyə ilə sərhəddə yerləşən İdlib regionunda münaqişəni sakitləşdirmək üçün əlavə tədbirlər həyata keçirməklə bağlı razılığa gəldiyini bəyan edib. Ərdoğan bildirib ki, Rusiyanın müttəfiqi olan Suriya hökumət qüvvələri Türkiyəni istənilən hücumdan müdafiə olunmağa məcbur edir. O, ABŞ-ın Suriyanın şimal bölgələrində təhlükəsiz bufer zonası yaratmaq vədini yerinə yetirəcəyini gözləyir. Belə ki, hazırda həmin ərazilər Amerikanın dəstəklədiyi kürd qüvvələrinin nəzarətindədir”.

Nəşr son illər Türkiyə ilə Rusiyanın sıx əlaqə qurduğunu xatırladır. Ötən ay Ankara ABŞ-ın narazılığına baxmayaraq, 2,5 milyard dollar məbləğində qiymətləndirilən Rusiyaya məxsus “S-400” raketəleyhinə müdafiə sisteminin tədarükünə başlayıb. Öz növbəsində Vaşinqton “F-35” qırıcılarının Türkiyəyə tədarükünü dayandırıb.

Məqalədə deyilir, Ərdoğanı öz tərəfinə çəkmək Rusiya üçün təkcə hərbi sənayesi üçün yeni alıcı tapmaq demək deyil, eyni zamanda NATO-nun şərqdə yerləşən dayağını sarsıtmaq imkanıdır.

Moskva Analitika Mərkəzinin beynəlxalq məsələlər üzrə eksperti Maksim Suçkov elektron məktubunda qeyd edib ki, “Rusiya ilə Türkiyə Suriya münaqişəsində qarşı tərəflərdə olduqları üçün davam edən humanitar böhran onların səmimi münasibətlərində ciddi qıcıqlandırıcı potensiala malikdir: “Bu qarşıdurma növbəti stress-testdir”.

Rusiya Suriya prezidenti Bəşər Əsədin İdlib vilayətində dövlət nəzarətinin bərpa edilməsi və Moskvanın terror təhlükəsi adlandırdığı təhlükənin məhv edilməsi üzrə kampaniyasını dəstəkləyir. Türkiyə Əsəd rejiminə qarşı çıxan silahlı qruplaşmaların çoxunu dəstəkləyir. Ərdoğan hökuməti İdlib münaqişəsinin onun planlarını pozacağından narahatdır. Belə ki, Ankara Türkiyədə sığınacaq tapan 3,6 milyon suriyalını geri göndərmək istəyir.

Londonda yerləşən Xarici Əlaqələr üzrə Avropa Şurasının (European Council on Foreign Relations) baş elmi əməkdaşı Aslı Aydıntaşbaş  hesab edir ki, Türkiyə-Rusiya münasibətləri həmişə institusional səviyyədən daha çox rəhbərlik səviyyəsində daha yaxşı işləyib: “Deməli, bunu Ərdoğan həll etməlidir. O, həm daxili, həm xarici əlaqələr baxımından Rusiya ilə münasibətlərə çox investisiya edib”.

KREMLİN ŞANTAJI

Haqqin.az saytının siyasi icmalçısı İqor Pankratenkoya görə, Moskvada MAKS aviasalonunda Ərdoğana aydın ismariş verdilər ki, İdlib Rusiyanındır, bu müzakirə olunmur. Kompensasiya kimi Moskva artıq C-400-lərin ikinci partiyasını verdi, Su-35 və digər aviasiya mallarını təklif etdi, hələ əlavə olaraq türk kosmonavtını kosmosa yollamağı təklif etdi. Amma İdlib məsələsi Rusiyanındır…

İdlib məsələsində Türkiyənin durumu yaxşı deyil. Türk karvanına və əsədçilərin Xan-Şeyxuna hücumundan sonra Türkiyəyə qaçqın dalğası yenidən canlandı. Hesablamalara görə, Ankara 200 min nəfər qaçqını oktyabra kimi qəbul etmək məcburiyyətində qala bilər. Hal-hazırda Türkiyədə üç milyondan çox suriyalı ərəb qaçqını var. Ankara artıq qaçqınlara görə 35 milyard ABŞ dolları xərcləyib. Ölkə daha yarımmilyon qaçqın qəbul edə biləcək. Daha sonra isə, kollaps başlayacaq. Ölkə bu qədər ərəb qaçqınını həzm etmək gücündə deyil. Digəl ki, 3 milyon potensial qaçqın artıq İdlibdə Suriya-Türkiyə sərhədinə toplanıb.

İdlibin itirilməsi təkcə Ankara üçün qaçqın problemini yaratmayacaq. Artıq Afrində ABŞ-ın nəzarəti altında kürd qüvvələri ərazinin ağasıdırlar. Yeganə olaraq Türkiyəyə Vaşinqton tərəfindən zəmanət verildi ki, PKK-çılar Afrin tərəfindən Türkiyəyə hücum etməyəcəklər. İdlibin itirilməsi Türkiyənin sərhədlərini yenə də təhlükə altında qoyacaq…

Əslində, Rusiya türk karvanına hücumla Ankaraya və şəxsən Ərdoğana mesaj verdi ki, birincisi, regionda mən və ABŞ əsas qüvvədir, Türkiyənin və İranın simasında regionda ayrı bir qüvvə ola bilməz. İkincisi, Rusiya və Türkiyə nə qədər qarşılıqlı əməkdaşlıq etsələr də, Türkiyənin ÜDM-si Rusiya qədər olsa da, Ankara özünü Moskvaya bərabər partnyor saymamalıdır.

VAŞİNQTONUN REAKSİYASI

Vaşinqton üçün əsədçilərin türk karvanına və Xan-Şeyxuna hucumu göydəndüşmə fürsət idi. ABŞ Türkiyənin Rusiya ilə münasibətlərinin korlanmasını arzulayır. Amma Ərdoğanın Putinlə görüşə getməsindən Vaşinqton narahatdır. Moskva danışqlarının nəticəsindən asılı olmayaraq ABŞ Ankaraya təzyiq etmək fikrindən çəkinmir. Ağ Ev Ərdoğana birmənalı mesaj verir ki, ya məni, ya Putini seçməlisən, ayrı variant yoxdur.

Avqustun 27-də ABŞ Konqresinin tvitter şəbəkəsində artıq Trampa ünvanlı belə bir mesaj verildi ki, rus C-400 sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiyalar qüvvəyə minməlidir. Hətta belə bir fikir irəli sürüldü ki, Ankara anlamalıdır: “ABŞ-la partnyorluq Türkiyənin mənafelərinə daha yaxşı xidmət edir, nəinki Kreml ilə”.

Beləliklə, Ankara iki od arasında qalıb, ya Rusiya, ya ABŞ.

BİZİM MƏSƏLƏMİZ

Sözsüz ki, indiki durumda Türkiyənin nə qədər çətin seçim qarşısında durduğu aydın görünür. Suriya məsələsində Türkiyə öz mənafelərini güclə müdafiə edir, hətta durum o qədər çətindir ki, Ankara ruslara və əsədçilərə türk hərbçilərinin öldürülməsi əvəzində cavab belə verməkdən çəkindi.

Bizdə bəzi poltiloqlar bildirirdilər ki, Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ məsələsində ədalətli həlli sürətləndirə bilər. Amma aydın olur ki, Türkiyə Moskva üçün bərabərhüquqlu partnyor deyil. Ankara Afrin və İdlib məsələsində öz mənafelərini qorumaq zorundadır, Qarabağ məsələsi Moskva ilə münasibətlərdə gündəmdə durmur və çətin ki, Ankara indiki durumda bu məsələni qaldırmaq imkanındadır.

Beləliklə, Qarabağda ermənilərin xeyirinə status-kvo hələ uzun çəkəcəkdir. Çünki bizim Moskva və Vaşinqton ermənipərəstlərinə qarşı mübarizəmiz üçün dəstək alacağımız üçüncü bir regional və ya qlobal qüvvə yoxdur.

Qarxunlu

“Millətçilik” qəzeti